AZ

Yazıçı Rəna Abdullayevanın yaradıcılığında dil məsələləri - elmi seminar

Bakı, 1 iyun, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində yazıçı Rəna Abdullayeva ilə “Yazıçı və dil” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Rəna Abdullayeva oxucularla fikir mübadiləsi aparıb, əsərləri barədə danışıb və ədəbi proseslə bağlı sualları cavablandırıb.

Şöbə müdiri professor İsmayıl Kazımov qonağın yaradıcılığı haqqında məlumat verərək onun müasir Azərbaycan ədəbiyyatına töhfələrindən bəhs edib. O bildirib ki, yazıçının əsərlərində milli-mənəvi dəyərlər, insan ünsiyyəti və həyat həqiqətləri öz əksini tapır. “Qisas”, “Yağışın yuyub apara bilmədiyi izlər”, “Qızılgül tikansız olmaz”, “Diqqət! İlk dayanacaq Şəhidlər xiyabanı, ilk görüş yeri ata məzarı” əsərlərində dil məsələləri diqqət mərkəzindədir. Əsərlərdə istifadə olunan söz seçimi, ifadələrin poetikliyi və metaforik quruluş milli dilin zənginliyini göstərir. “Qızılgül tikansız olmaz” və “Yağışın yuyub apara bilmədiyi izlər” kimi adlar sadə, lakin məzmunlu ifadələrlə oxucunun duyğularını oyadır. Bu, dilin həm bədii, həm də emosional funksiyasını ortaya qoyur.

Gənc dilçilər bildiriblər ki, yazıçının “İllər sonra” əsərində dil yalnız hadisələri çatdıran vasitə deyil, həm də daxili aləmin ifadəçisi kimi çıxış edir. Personajların hissləri, düşüncələri və keçmişlə bağlı refleksiyaları dil vasitəsilə oxucuya ötürülür.

Görüş zamanı ana dilinin saflığının qorunması, bədii ədəbiyyatın dil mədəniyyətinin inkişafındakı rolu və gənc nəslin mütaliəyə marağının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
2
2
azertag.az

3Mənbələr