AZ

Qazax nazir: BTC-dən tam gücü ilə istifadə edilir

BAKI, 1 iyun. TELEQRAF

Qazaxıstan artıq Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə xeyli həcmdə neft nəql edir və Xəzər Boru Kəməri Konsorsiumu (CPC) boru kəmərini də demək olar ki, tam gücü ilə istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.

O qeyd edib ki, Qazaxıstan ötən il, xüsusilə ilin sonunda CPC marşrutunda yaranan problemlər səbəbindən hasilatı məhdudlaşdırmalı olub:

“Buna görə də Xəzər regionunun neftini beynəlxalq bazarlara çıxarmaq üçün əlavə marşrutlara ehtiyac var.

Xüsusilə də hazırkı dövrdə bütün bu münaqişələr göstərir ki, Qazaxıstan təkcə Mərkəzi Asiyada deyil, həm də qlobal miqyasda çox mühüm aktordur. Biz xam neftimizin təxminən 80%-ni beynəlxalq bazarlara ixrac edirik və əsas istiqamət Avropa bazarıdır.

Son dövrlərdə Koreya, Tailand, İndoneziya və digər ənənəvi ticarət regionlarımızdan kənar ölkələrdən Qazaxıstana nümayəndə heyətlərinin səfərləri artıb və onlar tədarük məhdudiyyətləri səbəbindən xam neft istəyirlər.

Biz müştərilərimiz qarşısında məsuliyyət daşıyırıq və bu nefti bazarlara çatdırmalı olduğumuzu dərk edirik. Biz etibarlı tərəfdaşıq və bu öhdəliyi yerinə yetiririk”.

Y.Akkenjenov əlavə edib ki, bu baxımdan BTC boru kəməri əsas rol oynayır, çünki hazırda onun təxminən 25 milyon ton boş ötürmə gücü mövcuddur:

“Qazaxıstan yaxın gələcəkdə, xüsusilə yeni inkişaf planları çərçivəsində, bu boş gücdən istifadə edə bilər.

BTC təkcə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən boru kəməri deyil, həm də Ceyhan limanında böyük həcmli VLCC tipli gəmilərin yüklənməsi üçün imkan yaradır. Bu isə müştərilər üçün ciddi iqtisadi dəyər deməkdir.

Buna görə də BTC boru kəməri Qazaxıstan üçün təkcə bu gün deyil, yaxın gələcək üçün də ən yaxşı marşrutlardan biridir”.

Seçilən
40
teleqraf.com

1Mənbələr