Əməkdar jurnalist Əminə Yusifqızı APA-nın “Əsrin yaşıdı” layihəsində
Layihənin on dördüncü yazısı
Dosye: Əminə Yusifqızı 1 iyun 1951-ci ildə Yevlax rayonunda doğulub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra təyinatla Yevlaxda çıxan "Təşəbbüs" qəzetində (sonrakı adı "Kür") çalışıb. 1991-ci ildən qəzetin baş redaktoru kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Mətbuat Şurasında Ahıllar Məclisinin sədr müavinidir.
Yevlax şəhidlərinin həyat və döyüş yollarından bəhs edən "Zəfər fədailəri" və "Biz vətən üçün doğulduq" kitablarının müəllifidir.
Adı kimi soyadı da məşhur və mərhum Xalq artisti ilə eyni olan müsahibimlə görüşə gedəndə doğrusu, tərəddüd içində idim. Düşünürdüm, söhbətimiz əhatəli alınmaz, müxtəsər danışıb yekunlaşdırarıq. Lakin xudmani mənzilin kandarından içəri ayaq qoyanda gördüyüm gülərüz, mehriban sima fikirlərimi tamamilə dəyişir. İlk andanca sehrlənirəm. Adətən müğənnilər nəhəng konsert zallarına daxil olanda qəfil qarşılaşdıqları tamaşaçı izdihamından bu hala düşürlər... bir də görürəm müqəddiməsiz-filansız söhbətimiz öz axarı ilə axır...
– Mən Bakıya 3 ildir köçmüşəm, ömür boyu Yevlaxda yaşamışam. Yoldaşım rəhmətə getdi, tək qaldım, qəzeti də bağlamışdım, övladlarım, nəvə-nəticələrim Bakıda yaşadıqları üçün mən də köçdüm. Halbuki heç vaxt Bakıda yaşamaq istəməmişəm, o vaxt universiteti bitirəndən sonra da burda qalmadım. Baxmayaraq ki, yoldaşım köklü-köməcli bakılı idi, sadəcə mən ondan güclü çıxmışdım, o vaxt özümlə çəkib aparmışdım Yevlaxa.
– Mənə elə gəlir ki, bu müsahibəni də siz çəkib aparacaqsınız. Çünki belə incə olmağınıza baxmayın, hökümlü qadına oxşayırsınız.
– (Gülümsəyir) hə, çox düz hiss eləmisiniz. Bizim böyük nəslimiz var, biz on uşaq olmuşuq.
Bakıdan Yevlaxa gedənlər həmişə birinci məni soruşublar
– Burda tək qalırsınız?
– Hə, tək yaşayıram, amma qızım elə qonşuluqdadır. İndilərdə gələr. Onu deyirdim axı, bizim nəsil böyükdür. Özü də gediş-gəlişliyik. Necə əvvəllər olub, indi də elədir. Məsələn, Novruz bayramında mütləq bir restoran tuturuq. Aşağısı 100 nəfər oluruq. Hamımız bir-birimizlə əlaqəliyik. İndi o ənənəni qızım davam edir. Necə ki, anam bizdə hamını başına yığmışdı, indi də qızım yığır.
– Elə bir qız, bir oğlunuz var?
– Bəli.
– Əminə xanım, qız övladla oğlan övladın fərqi nədir?
– Mən hər şeyi çox səmimi danışacam, özünüz bilərsiniz, nəyi istəsəniz verərsiniz. Düzü qızla oğul arasında böyük fərq hiss edirəm. Mən də əlbəttə, oğlumu çox istəyirəm, amma qızın yanımcıllığı ilə oğulun yanımcıllığı bir deyil.
Bu vaxt qapı açılır, bir xanım mənzilə daxil olur: Salam, xoş gəlmisiniz.
– Çox sağ olun.
– Mənim qızımdır, İlahə.
– Elə sözünün üstünə çıxdı. Əminə xanım, nəslin davamçısı kimi biz həmişə oğlanı görürük, amma reallıqda nəsli toyda-bayramda bir yerə toplayan, ona yön verən elə qız olur.
– Doğrudan elədir. Oğlum əgər gün ərzində bir dəfə zəng edirsə, qızımla aşağısı 20 dəfə danışırıq.
– Bəlkə qız uşaqları bir az bekar olur, ona görə? Siz istəyirsiniz, oğul işini-gücünü atıb 20 dəfə zəng eləsin?
– Mən bir az iddialı qadınam. Mən övladlarımdan xüsusi diqqət tələb edirəm.
– Mənə elə gəlir, siz hamıya qarşı o cürsünüz.
– Bəlkə, ondan irəli gəlir ki, mən özüm də hamıya qarşı diqqətcil olmuşam? Allah elə bil məni özgənin dərdini çəkməyə, özgənin sevincini bölüşməyə yaradıb. O qədər insana kömək eləmişəm. Bakıdan Yevlaxa gedənlər həmişə birinci məni soruşublar. Halbuki mən kim idim? On uşaqlı böyük ailə olmuşuq. Düzdür, kasıb, acından ölən də olmamışıq. Atam sürücü, anamsa Böyük Vətən müharibəsinin iştirakçısı olub, dörd il müharibədə vuruşub.
– Hansı tərəfdə?
– Verərəm sənədləri baxarsız, yadımda qalmayıb.
- Albomlarınız da varsa, göstərərsiniz. Köhnə şəkillərə baxmağı sevirəm.
Ayağa durub televizor altlığının gözündən bir neçə albom çıxarır.
– Bunlar nədir ki, mənim əsas albomlarım rayondakı evimdədir!
Albomlardan birini açıb şəkilləri göstərir.
– Bax, bu bilirsiniz haradır? O vaxt Türkiyəyə getmək mümkün deyildi axı. 1984-cü ildə Türkiyəyə getmişdik.
Sonradan bildik ki, ermənilər bizim Türkiyəyə getməyimizə qarşı çıxıblar
– Səfərin məqsədi nə idi?
- Xüsusi jurnalist qrupu kimi getmişdik. Bizi Moskvada (səsi yavaşıyır) saxladılar. Neçə dəfə səfəri təxirə saldılar. Sonradan bildik ki, ermənilər bizim Türkiyəyə getməyimizə qarşı çıxıblar. Bilirsiniz, bizi öyrətmişdilər, öz aramızda söz danışanda girirdik vanna otağına, suyu açırdıq, gizlin sözümüzü deyirdik. Çünki yanımıza bir nəfər qoşmuşdular, o bizim hərəkətlərimizə göz qoyurdu. On beş gün qaldıq.
– Harda?
– Müxtəlif şəhərlərdə. Bizi necə qarşıladılar!
– Sizə qarşı türklərdə doğmalıq var idi?
– Hə, var idi. İnanırsınız, heç ayrılmaq istəmirdik.
– Sizi Türkiyəyə gedən qrupa necə seçdilər? Əyalət qəzetində işləyən jurnalist idiniz.
– Bilirsiniz o vaxt qəzet necə çıxırdı! Təsəvvür elə, Baş nazir Sürət Hüseynov ola və mən yerli qəzetdə Sürət Hüseynovu tənqid edəm, hər adamın işi deyil.
– 90-cı illərdə?
– Bəli.
Keçib masada əyləşirik. Mən albomları vərəqləyirəm.
– Söhbətə o qədər qollu-budaqlı başladıq, bilmirəm, nəyi qoyub, nəyi soruşum. (Fotonu göstərirəm) Bu sizsiniz?
– Bəli.
– Bir az da rəhmətlik aktrisa Gülşən Qurbanovaya bənzəyirsiniz.
Bizim üçün süfrə hazırlayan qızı deyir: Mən də oxşatmışam.
– Vallah, heç kəsə oxşamıram, qara, sısqa qız idim.
– Qara deyilsiniz, maşallah, ağbəniz, gözəlsiniz.
– (Gülür) bu şəkillər də Türkiyədəndir.
Atam anamı müharibədən danışmağa qoymurdu
– Əminə xanım, gəlin, söhbətin birini qoyub, o birinə keçməyək. Ananız dediniz dörd il müharibədə vuruşub. Hansı istiqamətdə?
– Yaddaşım həddindən artıq...
– Yəqin yaşla bağlı...
– Yox, mən əvvəldən huşsuz olmuşam. Bax, Sovet İttifaqı Qəhrəmanı, tarixçi Ziya Bünyadov anamla çox yaxın olub. Anamgil əslində...
Bu vaxt qızı telefonunu gətirib nənəsinin şəklini göstərir. Pencəyinin sinəsi medallarla aşıb-daşan məğrur duruşlu, dolu bir qadın...
– Adı nə olub?
– Nazxanım Səfərova. Anam 41-də gedib, 44-də qayıdıb. Anamgil əslində ikinci cəbhədə döyüşüblər. Qoşun irəli getdikcə arxasıyca irəliləyib yanğın olan yerləri söndürürmüşlər. Bir dəfə hətta almanları tutublar. Papağı düşəndə alman görüb uzun saçları var, deyib ki, gör kimə əsir düşürük. Anam haqqında çox yazılıb.
– Ananız nə vaxt rəhmətə gedib?
– Anam... Neçədə rəhmətə gedib, İlahə?
Qızı: 2005-də.
– Hə, 2005-də 90 yaşında rəhmətə gedib.
– Ananız müharibədən nə danışırdı?
- Anam müharibədən çox şeylər danışırdı, atam bunu sevmirdi.
– Ananızın danışmağını?
– Hə, müharibə haqqında danışmağını.
– Atanız qoymurdu?
– Qoymurdu, istəmirdi. Anam Yevlaxda Müharibə Veteranları Şurasının sədri seçiləndən sonra yavaş-yavaş başladı... Atam rəhmətə getmişdi artıq. Medallarını filan taxmağa başladı. Biz də əvvəllər anama qısqanclıqla yanaşırdıq. Bilirsiniz, uşaq idik, anamın medallarını taxıb gəzməyini, müharibədən danışmağını başa düşmürdük, atama xəyanət kimi qəbul edirdik. Atam qoymurdu o tədbirlərə getsin, istəmirdi.
– Ananız müharibədən gələndən sonra atanızla evlənib?
– Bəli, bəli.
– Nə əcəb müharibədən gəlmiş qadını alıb, sonra da bu cür qısqanclıqlar edib?
– Məsələ burasındadır ki, atam anamı sevib, yüksək səviyyədə sevib.
Bilib ki, qoçaq qadındır, – qızı kənardan söhbətə qoşulur.
– Sualımın davamı var.
– Mən düzünü deyim ki, anam ərə gedəndə... Atam əvvəlcə evlənibmiş. Bax, bunu qəti yazmaq olmaz, o biri qardaşlarımın, bacılarımın çox pis xətrinə dəyər. Bir dəfə mən televiziyada danışmışdım, incimişdilər ki, “ögey” sözü nədir deyirsən? Siz təsəvvür edin, mən 11-ci sinfi qurtaranda qonşu qadın mənə deməyənə qədər böyük bacı-qardaşlarımın doğma olmadığını bilməmişəm.
– Bunu elə bu cür verək ki, siz onlarla bağlı “ögey” sözünün işlədilməsinə qarşısınız və bu məsələyə çox həssas yanaşırsınız.
– İlahə, küsməzlər? – Mətbəxdə iş görən qızına səslənir.
– Küsməli heç nə yoxdur, hətta sizin yazmağımı istəmədiyinizi də vurğulayacam.
Qızı qapının kandarında dayanıb söhbətimizə qoşulur: Amma nənəm də hamısını öz doğma övladı kimi böyüdüb, ayrı-seçkilik etməyib.
– İdarəetmə qabiliyyəti sizə elə ananızdan keçib.
– Hamı məni anama bənzədir, mən mübarizliyi, yenilməzliyi anamdan öyrənmişəm.
– Onda atanız ikinci dəfə ananızla evlənib?
– İkinci dəfə evlənsə nə var ki...
– Aha.
– Deməli.
İlahə xanım izah verir: Birinci həyat yoldaşı xərçəngdən rəhmətə gedib, ondan bir qızı, bir oğlu qalıb.
– İkinci həyat yoldaşı uşaqları atıb gedib, baxmayıb, onlar da iki qardaş olublar.
Qızı: Onlar da çox körpə olublar, bir-iki yaşında.
– Sonra mənim anamla evlənib. Anam deyir, hətta uşaqların başında bitləri vardı. Baxanları olmayıb da. Çox ağır şəraitdə yaşayıblar. Anam bunlara necə baxıb! Necə istəyib! Yevlaxda hamı anamın onlara öz doğma övladları kimi baxmağından danışırdı, hamısına ali təhsil verib.
İlahə xanım: Hətta nənəm o biri 4 uşağı özünün 6 uşağından çox istəyirdi.
– Atanız da tez rəhmətə gedib...
– Bəli, atam 1968-ci ildə rəhmətə getdi, mən 10-cu sinifdə oxuyurdum. Bütün yük anamın üstünə düşüb.
– Ananız cavan idi?
– Hə, cavan idi.
– Ondan sonra ananız ərə getməyib?
– Yox, yox, siz nə danışırsınız?
– Hamınıza da o baxıb?
– Hamımıza. Ay Allah, nə qədər qoçaq qadın idi! Anam əvvəl internatın direktoru olub. Əyin-başımızı yığıb aparıb internatdakı uşaqlara geyindirirdi. Anamın başına and içirdilər. Sonra ordan çıxdı, ömrünün axırına kimi məktəbdə “zavuç” işlədi. Mən jurnalist olandan sonra ancaq anamın sifarişlərini yerinə yetirirdim. Filankəs xəstədir, ona kömək elə, filankəs imkansızdır, ona yardım elə. Onda qəzet hələ “Kür” yox, “Təşəbbüs” adlanırdı. Mənim yazdığım yazı da bürolara qoyulurdu, adamlar işdən çıxarılırdı, töhmət verilirdi.
Ziya Bünyadov bacımı kəsdiyi üçün Xəlil Rzanı danlamışdı
– Dediniz, atanız ananızı müharibədən danışmağa qoymurdu. Bəs atanız öləndən sonra ananız nə danışırdı?
– Danışırdı. Atam deyirdi çöldə yox, evimizdə danış, fəxr edirdi.
– Nə danışırdı?
– Vuruşmaqlarından, ac qalmaqlarından, çətin günlər yaşamaqlarından danışırdı.
– Nobel mükafatçısı Belarus yazıçı Svetlana Aleksieviçin “Müharibənin qadın üzü” kitabı var. O, kənd-kənd gəzib müharibədə iştirak etmiş qadınları dindirib, rəsmi təbliğatda təqdim olunmayan tərəflərini göstərib. Onlar da müharibədə bir qadın kimi yaşadıqları çətinliklərdən, bəziləri zorlanmaqlarından, komandirlərlə eşq yaşamağa məcbur qalmaqlarından danışıblar. Bəziləri deyir ki, müharibədən gələndən sonra kəndin kişiləri bizə pis gözlə baxır, evlənmirdilər. Onun üçün soruşmaq istəyirəm, ananız evdə camaat arasında dilə gətirilməyəsi nə danışırdı?
– Bir kəlmə də bizdə bu cür söhbət olmayıb. Həm də anam müharibənin lap ön cəbhəsində deyildi. Anam bizə çətinliklərdən danışırdı, amma siz dediyiniz şeylərdən danışmırdı. Siz dediniz, ətim ürpəndi ki, görəsən anama da zor tətbiq etməyiblər? Ziya Bünyadov anamı cəbhədə görmüşdü, gələndən sonra da dost olmuşdular. Bir dəfə Xəlil Rza Pedaqoji İnstitutda oxuyan bacımı kəsib. Ziya müəllim instituta gəlib, əlində də kağız. Deyib Xəlil Rza kimdir? Xəlil Rza deyib mən. O da qayıdıb ki, bu uşaq səndə oxuyur, sən ona qiymət verməmisən. Onun anası od-alov görüb! Xəlil Rza rəhmətlik də deyib baş üstə. O qədər sevinirdi ki, Ziya müəllim ondan xahiş edib. Ziya müəllimin bir əli həmişə bizim üstümüzdə olub. Anama böyük hörməti vardı. Onları döyüşdükləri yerlərə çağıranda Ziya müəllim anamı da dəvət edirdi. Anam da Bakıya gedəndə onlarda qalırdı, yəni arvadını tanıyırdı. Məndən başqa o evə bacı-qardaşlarımın hamısı gedib-gəlib. Mən bir az ədalı idim. Deyirdilər zabitəli adamdır. Mən də getmirdim. Ziya müəllim bir dəfə alimlərlə Yevlaxa gəlmişdi. Burada tədbir keçirilirdi. Qonaqlar üçün hər cür şərait yaradılmışdı. Ziya müəllim demişdi yox, mən Nazxanım Səfərovagildə qalacam. Bizim də kasıb evimiz var idi.
– Onları müharibənin dəhşəti bacı-qardaş edib.
– Mən də tədbirdə oturmuşam, qeydlərimi götürmürəm ki, axşam onsuz da bizdə qalacaq, soruşaram. Axşam dedim ki, Ziya müəllim, mən tədbirdə qeydlərimi götürmədim, sizdən öyrənmək istəyirəm. Dedi, mən sənə fikir verdim, niyə götürmürdün? Dedim, fikirləşdim ki, axşam özünüzdən soruşaram. Dedi, yox, sən zəhmət çəkənə oxşamırsan. Olmaz! Tədbir barədə danışmadı. Belə qəribə xarakteri var idi.
– İşə düzəlməyinizdə ananızın köməyi olub?
– Mənə “Azərbaycan gəncləri”ndə iş təklif olunmuşdu. Amma mən qətiyyən Bakıda qalmaq istəmirdim. Sevmirdim.
– Bakını sevməsəniz də bakılı ilə evlənmişdiniz.
– (Təəccüblə) hə, istədik, bir-birimizi sevdik.
– (Əlimdəki şəkli göstərirəm) Əminə xanım, bu şəklə baxıram, şəkil deyir, bu xanımla yaşamaq çox çətindir, kişiyə zülm vermisiniz deyəsən.
– Yox, yox.
– Şəkildə ordu generalı kimi dayanmısınız.
– Hə, elədi. Amma yoldaşım da mənə bağlı olub. Deyirlər, filankəs filankəsi qısqandı, mənə qəribə gəlir, qısqanmaq nədir? Elə söhbət olmayıb.
Şirməmməd müəllim dedi, o xanıma tapşırın dərsə gəlməsin, hamiləydim
– Rayonda nə işləyirdi?
– Baş mühəndis.
– Bizim cəmiyyətdə adətən qadınlar yoldaşlarına görə fədakarlıq göstərirlər, sizdə tərsinə olub.
– O fədakarlıqdır? Sevib gəlib. Mən üçüncü kursda oxuyanda evlənmişik. Əl çəkmədi. Çox sevirdi məni. Nə bunların ailəsi razı idi, nə də anamgil. Bunların ailəsi son dərəcə varlı idi. Yoldaşım da “Semaşko”nun yanında böyük yeməkxana işlədirdi. Biz tələbələrlə ora yemək yeməyə gedirdik. Orada görmüşdü. Sonra tələbə yoldaşıma deyib xoşum gəldi. Tələbə yoldaşım bizi tanış edib dedi, buranın müdiridir. Mən də qayıtdım ki, heç müdirə oxşamırsınız. O da dedi ki, çalışarıq oxşayaq. Ondan sonra gəldi-getdi, axır ki, istəyinə nail oldu. Mən də anama qəti fikrimi bildirdim ki, ona gedəcəm.
- Siz də sevmisiniz.
- Hə, sevmişəm. Onlar bizə elçi gəldilər... Hamısı brilyantın içində alışıb yanırdı, elə şokoladlar gətirmişdilər, biz eləsini görməmişdik. Mən sevinirdim, bu bizimkiləri qorxuya saldı, hamıda nigarançılıq vardı, bakılı-rayonlu... İlahə, ordan papanın şəklini ver, baxsın.
Qızı şəklini gətirir.
- Deməli, yoldaşınız Bakıda Sovet dövrü üçün gəlirli sayılacaq bir işi atıb sizinlə gəlib, siz də deyirsiniz fədakarlıq etməyib.
- Hə, işini-gücünü atdı, mən dördüncü kursa keçirdim. Şirməmməd müəllim (Görkəmli alim, jurnalist və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynov M.A.) məni gördü. Hamiləydim. Dedi o xanıma deyin dərsə gəlməsin, amma elə edin kursda qalmasın. O qədər yaxşı oxuyurdum, mənə güzəşt edirdi.
- Əminə xanım, ömür boyu eyni qəzetdə işləmisiniz.
- Hə, ancaq “Kür” qəzetində, 50 il.
- İş prosesi necə olurdu? Nədən yazırdınız?
- Yevlaxda xeyli müəssisə var idi. Məsələn, Yunun İlkin Emalı Fabriki var idi, Mirzə Mamedoviç oranın direktoru idi, birinci katib onun qabağına qaçırdı. Bizə də statistik məlumatlar gəlirdi. Orda yazılmışdı ki, Yun Fabriki planı 42 faiz yerinə yetirib. Götürdüm yazdım ki, “Sənə nə, mənə nə”... Başlıq belə idi. Yazı qəzetdə getdi, aləm bir-birinə dəydi. Məni işdən çıxarmaq istədilər, baş redaktor dedi, get, katib çağırır. Getdim. Qəbulda pəncərənin qabağında dayanmışam. Mirzə Mamedoviç yanımdan gəlib keçəndə dayandı. Dedi, Əminə Yusifqızısan? Dedim, bəli. Soruşdu, nə yaxşı gəlmisən? Cavab verdim ki, katib çağırıb, ərizəmi yazmağa gəlmişəm. Dedi, sən özünü haqlı sayırsan? Dedim, 42 faiz plan olub. Dedi, məqalədə yazmısan ki, guya mənə zəng eləmisən, cavab verməmişəm, məgər mənə zəng etmişdin? Düz deyirdi, mən yazıda o cür yazsam da, ona zəng vurmamışdım. Dedi, sənin haqqında eşitmişəm. Cəsarətli olmaq o demək deyil ki, yalan yaza bilərsən. Sən mənə zəng eləsəydin, planı yerinə yetirməməyimizin səbəbini izah edərdim. Yunun İlkin Emalı Fabriki də Cənubi Qafqazda ən böyük fabrik idi. Başını buladı, getdi. Dedim, vaxsey. Getdi birinci katibin yanına, yarım saat sonra çıxdı, qoluma girib dedi, gedək. Dedim, mən katibin qəbuluna girməliyəm. Dedi, girməyəcəksən, gedək. Gəldik Yun Fabrikinə. Orada mənə dedi ki, qəzetdə sənin yazılarını oxuyuram, amma belə getsən, tez məhv olarsan. Bax, mənim haqqımda yazmısan, lovğalanırsan, belə eləmə. Mənə o qədər dəyərli məsləhətlər verdi.
- Məsləhətlərinə əməl edirdiniz?
- Edirdim ki..? Yenə yazırdım. O qədər istedadlı jurnalistlərim var idi. Yazıb gətirirdilər... Mən də 91-ci ildən baş redaktoram. Əməkdaşımız yazıb ki, Yunun İlkin Emalı Fabrikində qəfil işıqlanma olsa, çox eybəcərliklər üzə çıxacaq. Vəssalam. Qəzetdə “Ədalətsayağı” adlı rubrika var idi. Mən də bunu Aqil Abbasın “Ədalət” qəzetindən götürmüşdüm.
- O Bakıda yazırdı, siz Yevlaxda.
- O Aqil Abbas idi, yazırdı, mən kim idim? Nəsə, bu məqaləni verdim. O biri nömrədə yazdım ki, kim pulsuz makaron, vermişel, qənd almaq istəyirsə, Yun Fabrikinə getsin, amma bunun əvəzində mənliyini, kişiliyini qoyub gəlməlidir. İki nəfər redaksiyaya gəldi, dedi, Nüsrət Budaqov sizi çağırır. Fabrikin direktoru idi. Dedim niyə gedim? “Gəlin”i o qədər hökmlə dedilər ki, başa düşdüm, qolumu qanırıb aparacaqlar. Getdim, məni 3 saat çöldə gözlətdilər.
- Bu da yəqin təsir mexanizmi olub.
- Özü də mən bir az ədalı adamam. Otur da deyən olmadı. Heç saymırdılar məni. Eləcə dik qalmışam. Axır ki, dedilər, keç içəri, gördüm Nüsrət Budaqov başda oturub. Dedilər, Əminə Yusifqızı gəlib. Dedi, səni qarışqa kimi tapdalayaram, amma ananla eyni sanatoriyada olmuşam. Ağzımı açırdım ki, izah edim, dedi, rədd edin bunu, eşitdin, ay qız, bir də Yun Fabrikinin adını çəksən, səninlə başqa cür danışacam. Çıxdım, gördüm məqaləni yazan əməkdaşım Arif qapıda gözləyir. Dedi, müdir, məni bayaqdan içəri buraxmırlar, qoy, keçim içəri, deyim, mən yazmışam. Girdim qoluna, dedim, kiri, bunlarla bacara bilmərik, nə dəxli var, kim yazıb.
- Elə deyəsən, Yevlaxda bir dənə fağır Yun fabriki tapıbmışsınız, hər dəfə də ondan yazırmışsınız.
- (Gülür) böyük müəssisə idi axı. Yox, digər müəssisələrdən də o qədər şeylər yazmışam. Baş redaktor olana qədər nə gəldi, yazırdım, qorxmurdum, özüm baş redaktor olandan sonra işçilərin də taleyini fikirləşirdim, həm də başıma o qədər iş gəlmişdi, hər şeydən ürəyimə xal düşmüşdü, nöqtələr yığılıb-yığılıb böyük dərd olmuşdu.
- Müəssisələr olurdu ki, desin hörmət qarşılığında yazma?
- Niyə olmurdu?
- Siz də yəqin hörmətə qarşılıq verirdiniz.
- Qətiyyən! Belə şeylər olmayıb.
- Əyalət qəzetlərində belə şeylər çox olur.
- Qəzet 7-8 min tirajla çıxırdı, abunəçilərimiz var idi. Düzdür, pay-püşk gəlirdi. Amma mən elə şeylərə çox fikir verən deyildim. Deməli, bizə sataşmaq üçün bir dəfə redaksiyanın televizorunu oğurladılar. Mən də hər sayda yazıram ki, polis şöbəsinin rəisini yuxuda gördüm, gördüm ki, televizorumuzu tapıb. O da bir dəfə mənə zəng vurdu ki, ay Əminə xanım, ayıb deyil, hər sayda yazırsınız. Axtarırıq axı. Dedim, vallah, nə edim, yuxu görürəm (qəhqəhə çəkir). Bir də gördüm Aqil Abbas “Ədalət” qəzetində yazıb: “Ay Yevlax polis şöbəsinin rəisi filankəsov bir televizor nədir ki, onu tapmırsan? Tap. Əminə xanımın da canı yuxu görməkdən qurtarsın”. O vaxtı polis rəisləri, rayon prokuroru, digər qurumların rəhbərləri - biz hamımız dost olmuşuq, çörəyimizi də bir yerdə yemişik.
Yoldaşım o sözə görə məndən küsdü
- Bəs yoldaşınız qısqanmırdı?
- Heç qısqanmadı. Arabir hirslənirəm ki, niyə qısqanmayıb? (gülür)
- Kifir də olmamasınız, bayaqdan albomlarda cavanlıq şəkillərinizə baxıram, gözəl də xanım olmusunuz.
- Yox, bizim aramızda qısqanclıq söhbəti olmayıb. Bircə dəfə verilişdə demişdim ki, aramızda əvvəlki sevgi yoxdu, sevgini övladlarıma, nəvələrimə vermişəm. Yoldaşım o sözə görə məndən küsdü, dedi, sən daha məni sevmirsən? Dedim, niyə sevmirəm, durum efirdə sevgidən danışım? İndi elə peşmanam! Gərək elə deməzdim. Oğlumun andiçmə mərasimi zamanı rayonda nəsə vacib tədbir var idi, gedib iştirak edə bilmədim. Siz inanırsınız, onu mən uzun illər özümə dərd elədim. Hamının anası orda olub, mənim balam yəqin məni gözləyib, mən olmamışam (kövrəlib ağlayır). Bir-iki il bundan əvvəl dedim, Azər, sən bildin, mən sənin andiçmə mərasiminə gəlməməyimi özümə dərd etmişəm. Dedi, mama, mənim heç yadıma düşmür. Amma siz təsəvvür edin, gənc əsgər, gözü qapıda qalıb ki, indi anam gələcək. Amma mən işə görə gedə bilməmişəm.
- Əminə xanım, yoldaşınız sizi sevib.
- Bir gün həkimdən gəldik. Mən dedim ki, həkim böyrəyinin birini ərinə verib. Qızım soruşdu ki, mama, bəs verməlidir də. Papa, sən mamaya böyrəyin lazım olsa, verməzdin? Dedi, İlahə, böyrəyimi yox e, hətta bilsəm, hansısa əzamı versəm, ölərəm, yenə verərdim.
- Siz verərdiniz?
- İlahə qayıtdı ki, mama, sən papaya böyrəyini verərdin? Dedim, heç vaxt. Mən elə şeydən qorxuram. İlahə vəziyyəti yumşaltmaq üçün qayıtdı ki, papa, mama zarafat edir. Dedim, Nazim, sənin canın üçün, həqiqətən vermərəm. Amma rəhmətə gedəndən sonra düşündüm, niyə onu demişəm, gərək deməzdim.
- Məncə o sizi çox sevib və qısqanıb, amma büruzə verməyib. Əminə xanım, bayaqdan sizinlə danışa-danışa fotolara da baxıram. Maşallah dünyanı gəzmisiniz.
- Dünyanı gəzməmişəm, beş-on ölkədə olmuşam.
- Bütün günü də tədbirlərdə iştirak etmisiniz, bəs ev-eşiyə kim baxırdı?
- Evdə həmişə adam olub. O mənim yaralı yerim deyil. Deyim ki, buna görə xəcalət çəkmişəm, yox, mən eləməmişəm, mən evdə qoçaq olmamışam. Ancaq özümə də haqq qazandırmıram. Bizdə rayonun Sovet sədri var idi, Qərənfil Abbasova, sonra Sveta Hacıyeva var idi, ondan sonra bir də “Azərittifaq”ın müdiri vardı, Həbibə xanım. Məndən çox yaşlı idilər, bunların dəstəsinə qoşulmuşdum, bizə dörd muşketyor deyirdilər, hər yerə aparırdılar məni. Xasiyyətləri də kişi xasiyyəti idi. Dördümüzün ünsiyyəti ləzzət edirdi.
- İçki də içirdilər?
- Həbibə xanım içən idi. Amma mən də, anam da dilimizə də vurmamışıq. Heç vaxt da içməmişəm.
- Evdən danışırdıq.
- Mən qətiyyən ev yığışdırmırdım, həmişə adamım olub.
Pul verməməyin dərdindən gəlib qəzeti redaksiyada oxuyurdular
- Bəs qəzeti niyə bağladınız?
- Qəzetin tirajı azalmışdı. Ondan xahiş elə abunə olsun, bundan xahiş elə, abunə olsun. İstəmədim. Qəzet var, iki aydan bir çıxır. İki aydan bir qəzet çıxar? Mən məəttəl qalıram.
- Sizdə həftəlik çıxırdı?
- Bizdə Sovet dövründə də, müstəqillik dövründə də həftədə üç dəfə çıxırdı.
- Yevlax camaatı qəzet alırdı?
- Biz köşklərin hamısına qəzet verirdik. Az alırdılar, amma alırdılar. Çoxu pul verməməyin dərdindən qəzeti gəlib redaksiyada oxuyurdu. Yaxşı dövr idi. Amma indi elə fikirləşirmirəm. Niyə hər rayonunun bir qəzeti olmalıdır? Oxumurlar da, qardaş, zorla deyil.
- Ən çox hansı dövrü xatırlayırsınız?
- Keçmiş dövrü daha çox xatırlayıram. Cəsarətli idim. Sözüm keçən vaxtlar var idi. O dövr üçün çox darıxıram. Nəyi ki, eləyə bilirəm, həqiqətən edirdim. Məni də eşidirdilər. Bir dəfə başçının qəbulunda idik, onda başçı Qoca Səmədov idi. Bir nəfər şikayətə gəldi ki, evim yoxdur. Özüm Yevlaxda Sevil Qadınlar Cəmiyyətinin, YAP Qadınlar Şurasının sədri olmuşam. Rayonda hamını tanıyırdım, bilirdim ki, onun evi var. Yavaşca dedim ki, məncə xanımın evi var. Dedi, yoxdur! Mən daha dinmədim, Qoca müəllim üstünü vurmadı, amma bildi ki, yalan danışmaram. Qadın yanımdan keçəndə dedi ki, sən heç vaxt anan Nazxanım ola bilməzsən. Anam o qədər adamlara kömək etmişdi. Yəni niyə imkan vermədin, bir dənə də ev alım. O elə bildi məni söydü, amma mənə elə gəldi ki, anam barədə ən gözəl tərifi eşitdim. Mən deyim ki, dostluq eləsəm də, jurnalist kimi ağına-bozuna baxmırdım, kəm-kəsir görəndə yazırdım. Öz əmim oğlu indiyə kimi deyir ki, o vaxt məndən yazmışdın. Mən jurnalist kimi nəyi bacarmışamsa, yazmışam, jurnalistikanın mənafeyini dostluğa verməmişəm. Dostlarım da bunu bilir.
- Əminə xanım, 75 illik bu ömrü necə dəyərləndirirsiniz?
- Mən buna adi rəqəm kimi baxmıram. Məsələ rəqəmdə deyil, məsələ odur ki, bu 75 yaşa nə sığışdırmısan? Mən geriyə baxanda tam da olmasa özümdən razılığım var. Doğurdan doya-doya yaşaya bilmişəm. Amma mənim ürəyimdə yeddi stent var. Yevlax İkinci Qarabağ müharibəsində 67 şəhid verib. Mən o şəhidlərin hər birinin ailəsini bir-bir gəzib onlar haqqında iki kitab yazmışam. Asan başa gəlməyib o kitablar, ürəyimin qanı ilə yazmışam. Mən elə bilirdim güclü qadınam, bu kitabları yazanda başa düşdüm ki, acizəm. O ailələrin hamısı ilə dostlaşdım. İndi toylarına çağırırlar.
- Gedirsiniz?
- Əlbəttə, gedirəm, Bakıda olsam da mütləq gedib şəhid ailələrinin toylarında iştirak edirəm, bunu özümə borc bilirəm.
- Yubileyinizi təntənəli qeyd edəcəksiniz?
- Mənim bir general dostum var, xəstədir, ona görə düşünürəm ki, bəlkə yubiley keçirmək yaxşı düşməz. Birdən deyirəm nəsə olar. Ona görə hələ tərəddüd edirəm.
Bu vaxt albomdakı şəkillərdən biri gözümə sataşır. Üç kişi yanaşı oturub, üç qadın isə ayaq üstə dayanıb. Əminə xanım kişilərdən birinin boynunu qucaqlayıb.
- Yoldaşınızdır?
- Hə, yoldaşımdır, onlar da qonşularımızdır. İndiyə kimi əlaqələrimiz var.
- O vaxtları ər-arvad, kişi-qadın münasibətləri necə idi, indikindən fərqi vardımı?
- Çox böyük fərq vardı. O vaxt az-az adam ayrılardı. İndi isə yerindən duran heç nədən çəkinmədən boşanır. O vaxt etibar, bir-birinə inanmaq var idi. Mən o vaxtı xüsusi qiymətləndirirəm, indi belə deyil.
Qadın dostlarım çox azdır, sözüm-söhbətim əsasən kişilərlə tutub
- Mənə elə gəlir adamlar o dövrdə bir-birinə qarşı çox səmimi idilər, pis niyyətləri yox idi.
- Hə, elə idi, bəs nə deyirəm? Mənim nə qədər kişi dostum olub, indiyə qədər dostluqlarımız davam edir. Özü də arvadları ilə də dostluğum olub, yəni bir-birimizi ailəvi tanımışıq. Düzdür, mənim qadın dostlarım çox azdır, sözüm-söhbətim əsasən kişilərlə tutub (gülür). Qadınlarla danışanda utanıram, deyirəm görüm nə danışım. Amma kişilərlə oturanda işdən-gücdən danışırıq. Bir dostluğun ki, əlli il yaşı var, nədən danışmazlar.
- Deyirlər, kişi ilə qadının dostluğu tutmaz.
- Niyə tutmur, gərək qadın da kişi olsun, kişi də kişi olsun ki, tutsun. Özü də mənim geyim-keçimim həmişə dəblə olub, həmişə də şlyapa taxmışam. İndi sizə şlyapa kolleksiyamı göstərərəm.
Ayağa qalxıb dəhlizə keçirik, şkaflardan birinin ağzını açır, həqiqətən bütün rəflər yerdən tavana qədər şlyapalarla doludur.
- Hamısı bir-birinin üstündədir. Sayı-hesabı yoxdur (gülür). Bunu verməzsən, sən Allah .
- Şlyapalardan birini başınıza qoyun, şəklinizi çəkək.
- Çəkin, amma verməyin, siz Allah, ayıbdır.
Qarderobdan qara bir şlyapa seçib başına qoyur.
- Bir dəfə restorana getmişdik, mən də yaşıl don geyinmişəm, yaşıl da şlyapa qoymuşam. Röya gəlib yanımdan keçəndə məni qucaqlayıb getdi. Çıxanda da gəlib yenə məni qucaqladı, dedi, sizin kimi qocalmaq istəyirəm (Gülür).
Elə kaş hamımız belə qocalaq. Mən üzümün qırışından da çəkinmirəm.
Əminə xanımın qızı, fotoqrafımız bizi nə vaxt tərk ediblər, unutmuşuq. Bir də ayılırıq ki, şirin söhbətimiz üç saata yaxındır davam edir. Düzü yorulmamışam, əksinə həyat dolu bu hünərmənd qadını bir az da danışdırmaq, hər biri bir xatirə olan fotoların arasında bir az da dolaşmaq, keçmişin əsrarəngiz ab-havasını bir az da içimə çəkmək istəyirəm. Lakin düşünürəm, hamısını indi danışsaq, bəs Əminə xanımın 80, 90 illiyində nə danışarıq! Axı mən bu şlyapalı sənəmlə bir daha görüşmək istəyirəm.
Və bu görüşə inanıram...