Tailandda oktyabrın 1-dən etibarən THIM adlı mobil tətbiq istifadəyə veriləcək. Turistlər bu tətbiq vasitəsilə ölkəyə girişdən əvvəl rəqəmsal gəliş kartı (TDAC) doldura biləcəklər. Hakimiyyət orqanları hesab edir ki, bu yenilik sərhəd nəzarətindən keçmə prosesini sürətləndirəcək.
Turistlər üçün giriş qaydaları dəyişmir, lakin yeni sistem gəliş kartının doldurulmasını daha rahat edəcək. Tətbiqdə profil yaratmaq, pasportu skan etmək, ailə üzvlərinin məlumatlarını əlavə etmək və növbəti səfərlər zamanı məlumatları daha sürətli yeniləmək mümkün olacaq.
Nəticədə məlumatların yoxlanılması prosesi 40 saniyəyədək azalacaq, sərhəd keçidi isə ümumilikdə təxminən 3 dəqiqə çəkəcək.
ATOR-un məlumatına görə, THIM-in əsas üstünlüyü ondan ibarətdir ki, səyahətçilər hər səfərdən əvvəl bütün məlumatları yenidən daxil etməli olmayacaqlar. Bununla belə, Tailanda giriş kartının yekun təsdiqi əvvəlki kimi yalnız ölkəyə gəlmədən 72 saat əvvəl mümkün olacaq.
2025-ci ildən etibarən bütün turistlər Tailanda girişdən əvvəl TDAC formasını doldurmağa borcludurlar. Bu sistem əvvəllər təyyarədə və ya sərhəddə təqdim edilən kağız miqrasiya kartını əvəz edib.
Hazırda TDAC rəsmi internet saytı vasitəsilə rəsmiləşdirilə bilər. THIM tətbiqi isə hələlik pilot rejimdə fəaliyyət göstərir. Oktyabrın 1-dək turistlər həm TDAC saytından, həm də yeni tətbiqdən istifadə edə bilərlər.
May ayında Tailand hökuməti 90-dan çox ölkənin, o cümlədən Rusiya vətəndaşlarının vizasız qalma müddətinin 60 gündən 30 günə endirilməsini təsdiqləyib.
Tailandın Viza Siyasəti Komitəsi təhlükəsizlik və iqtisadi amilləri nəzərə alaraq hər bir ölkə üçün ən uyğun viza rejimini ayrıca müəyyən etməyi planlaşdırır.