AZ

Hindistan ABŞ ilə ticarət sazişinin ilk mərhələsinin tezliklə imzalanacağını açıqlayıb

Hindistan və ABŞ arasında ikitərəfli ticarət sazişinin ilk hissəsi yaxın vaxtlarda imzalana bilər. Bu barədə Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal mətbuat konfransında bildirib.

“İki ölkənin liderləri hələ fevralın 3-də çərçivə sazişini elan etmişdilər. Bütün əsas məsələlər razılaşdırılıb”, — deyə Qoyal qeyd edib.

Nazir əlavə edib ki, “ABŞ ilə ikitərəfli ticarət sazişinin ilk hissəsinin ən qısa zamanda imzalanacağına tam əminəm”.

Onun sözlərinə görə, saziş çərçivəsində Hindistan və ABŞ arasında gömrük tariflərinin yekun strukturu təsdiqlənəcək.

Gözlənilir ki, iyunun 2-4-də Yeni Dehlidə keçiriləcək məsləhətləşmələr zamanı tərəflər ikitərəfli ticarət sazişinin detallarını razılaşdıracaq və ticarət münasibətlərinin inkişafını müzakirə edəcəklər.

Danışıqlar zamanı bazarlara çıxış, qeyri-tarif maneələri, gömrük və ticarət prosedurlarının sadələşdirilməsi, investisiyaların təşviqi və iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlıq kimi məsələlər gündəmdə olacaq.

Yeni Dehli və Vaşinqton 2025-ci ilin fevralından etibarən tammiqyaslı ticarət sazişi üzrə danışıqlar aparırlar. Saziş 2030-cu ilədək ikitərəfli ticarət dövriyyəsinin 500 milyard dollara çatdırılmasını nəzərdə tutur.

Hindistan ABŞ-dən sənaye məhsullarının ixracına tətbiq olunan tariflərin ləğvini və ya azaldılmasını, həmçinin geniş çeşiddə ərzaq və kənd təsərrüfatı məhsullarının yüksək Amerika rüsumlarından azad edilməsini istəyir.

Bununla yanaşı, Hindistan yaxın beş il ərzində ABŞ-dən enerji daşıyıcıları, təyyarələr və texnologiya idxalını artırmaq niyyətində olduğunu bildirib.

Hazırda tərəflər ticarət sazişinin ilk mərhələsi üzrə işləri başa çatdırıblar. Bu hissədə yer alan müddəaların hüquqi sənədə çevrilərək mart ayında imzalanması planlaşdırılırdı, lakin proses hələ yekunlaşmayıb.

Seçilən
17
banker.az

1Mənbələr