Qəzza zolağında kövrək atəşkəsin gələcəyi ilə bağlı müzakirələrin davam etdirilməsi məqsədilə HƏMAS nümayəndə heyəti iyunun 3-də Misirdə vasitəçilərlə görüşəcək.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fələstin hərəkatının nümayəndələrinin AFP-yə verdiyi məlumata görə, Misir tərəfi HƏMAS-ı yeni danışıqlar raunduna dəvət edib. Görüşlərdə Qətər və Türkiyədən olan nümayəndələrin də iştirak edəcəyi bildirilir.
"HƏMAS çərşənbə günü vasitəçilərlə danışıqlarda iştirak etmək üçün Misir tərəfindən dəvət olunub. Qətər və Türkiyədən də nümayəndələr iştirak edəcək", - deyə anonim qalmaq istəyən HƏMAS rəsmisi bildirib.
Onun sözlərinə görə, vasitəçilər həm HƏMAS, həm də İsrail üçün qəbul edilə biləcək yeni və yenidən işlənmiş təklif üzərində çalışırlar.
Məlumata əsasən, HƏMAS-ın baş danışıqçısı Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti digər fələstinli qrupların təmsilçiləri ilə birlikdə iyunun 2-dən etibarən Misirin Əl-Əlameyn şəhərində danışıqlara başlayacaq.
Qeyd edək ki, HƏMAS və İsrail tərəfləri bir-birini ötən ilin oktyabrında qüvvəyə minmiş atəşkəs rejimini pozmaqda ittiham edir. HƏMAS-ın tərksilah olunmasını və İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutan atəşkəsin ikinci mərhələsinə keçid isə bir neçə aydır dalana dirənib.
Aminə ŞAHSUVARQIZI