BAKI,TurkicWorld
Abşeron yatağından Türkiyəyə uzunmüddətli qaz tədarükü üçün müqavilə imzalanıb.
Bu barədə TurkicWorld-ə SOCAR-dan məlumat verilib.
Sənəd SOCAR, TotalEnergies, XRG və BOTAŞ arasında Bakıda keçirilən görüş zamanı imzalanıb.
İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR prezidenti Rövşən Nəcv, TotalEnergies şirkətinin baş vitse-prezidenti Martina Opizzi və XRG şirkətinin beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl-Eryani arasında görüş keçirilib.
Görüş zamanı SOCAR, TotalEnergies və XRG arasında enerji sektorunda uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Tərəflər Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin gedişatını nəzərdən keçiriblər.
Abşeron yatağı Xəzər dənizinin şelfində, Bakıdan təxminən 100 km cənub-şərqdə və Şahdəniz yatağından 25 km şimal-şərqdə yerləşir. Struktur təxminən 270 kvadrat kilometr ərazini əhatə edir və qaz ehtiyatları 350-400 milyard kubmetr qiymətləndirilir.
Abşeronda hasilat 2023-cü ilin iyul ayında JOCAP tərəfindən idarə olunan və tək bir dərin su quyusu istifadə edilən erkən inkişaf mərhələsinin bir hissəsi olaraq başlayıb.
SOCAR, TotalEnergies və XRG şirkətləri yatağın işlənməsinin ikinci mərhələsi üçün konsepsiya üzərində razılığa gəliblər. Bu mərhələyə sualtı hasilat və sonradan quruda nəql daxildir. Quyular təxminən 500 metr dərinlikdə qazılacaq və onların ümumi uzunluğu 7000 metri keçəcək ki, bu da onları Xəzər dənizindəki ən dərin quyular arasında yer alacaq.
İşlənmənin ikinci mərhələsi özünün pik dövründə gündə 12,7 milyon kubmetrə qədər qaz (ildə təxminən 4,5 milyard kubmetr) və gündə 37 min barel kondensat hasil edə bilər. Hasilatın 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başlanması gözlənilir.