Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Aznews.az xəbər verir ki, dövlətimizin başçısı Kaleb Orra “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərgilərin və “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirdi.
ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirdi, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə etdi.
Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxundu, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğuladı. Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirildi.
Dövlətimizin başçısı “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxundu.
Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Donald Trampa və Marko Rubioya çatdırmağı xahiş etdi.