ain.az, Sherg.az portalına istinadən məlumat verir.
"Çünki nə qədər canlı orqanizm var o qədər də onkologiya var"
Xərçəngə qarşı hazırlanmış eksperimental "Amivantamab" preparatının klinik sınaqları bəzi xəstələrdə şişlərin tamamilə yox olması ilə nəticələnib.
"Qardian" qəzetinin məlumatına görə, preparatın beynəlxalq sınaqları 11 ölkədə aparılıb. Vaksin xəstəliyi yenidən qayıdan və ya mövcud müalicə üsullarının təsir göstərmədiyi pasiyentlər üzərində tətbiq edilib.
Araşdırma çərçivəsində baş və boyun nahiyəsi xərçəngindən əziyyət çəkən 102 xəstəyə preparat vurulub. Nəticədə 43 pasiyentdə şişlərin ölçüsü kiçilib və ya tamamilə yox olub. Onlardan 28-də şiş əhəmiyyətli dərəcədə kiçilib, 15 nəfərdə isə tam aradan qalxıb.
Nəşr bildirir ki, ABŞ-nin "Johnson & Johnson" şirkəti tərəfindən hazırlanmış preparat üç həftədən bir dərialtı inyeksiya şəklində tətbiq olunur və ağciyər xərçəngi xəstələrində də oxşar nəticələr göstərib.
Mütəxəssislərin sözlərinə görə, preparat xərçəngə eyni vaxtda üç istiqamətdə təsir göstərir. O, həm şişlərin böyüməsini sürətləndirən epidermal böyümə faktoru reseptorunu, həm də xərçəng hüceyrələrinin müalicədən yayınmaq üçün istifadə etdiyi MET siqnal yolunu bloklayır. Bununla yanaşı, immun sistemini aktivləşdirərək onun şiş hüceyrələrinə qarşı mübarizəsini gücləndirir.
Kevin Harrington bildirib ki, əldə olunan nəticələr kimyaterapiya və immunoterapiyaya davamlı xəstələr üçün "görünməmiş dərəcədə uğurlu" hesab oluna bilər.
Araşdırmaya görə, "Amivantamab" qəbul edən xəstələr müalicənin başlanmasından sonra orta hesabla 12,5 ay yaşayıblar. Bu göstərici ağır proqnozlu xərçəng formaları üçün mühüm nəticə kimi qiymətləndirilir.
Professor Adil Qeybulla Sherg.az-a bildirib ki, xərçəng mutasiyalar nəticəsində yaranan, orqanizmdə nəzarətdən çıxmış hüceyrə inkişafıdır. Bu hüceyrələr bədəndən qidalanır və zaman keçdikcə onu üstələyə bilir:
“Hazırda xərçəngin 2000-dən çox növü mövcuddur və hər birinin fərqli xüsusiyyətləri, inkişaf mexanizmi və proqnozu var. Bu səbəbdən xərçəng haqqında formalaşan təsəvvürlər çox vaxt yanlış olur. Ola bilər ki, müəyyən vaksinlər immun sistemini gücləndirərək bədəni bəzi hallarda hazır vəziyyətdə saxlasın, lakin bu, problemin tam həlli demək deyil. Nə qədər canlı orqanizmlər var, o qədər də xərçəng xəstəliyi olacaq və bu, təkcə insana aid deyil. Xərçəng xəstəliyi hüceyrələrin yenilənməsi prosesi zamanı onların bölünməsinə nəzarətin pozulması və canlı orqanizmin içərisində ikinci bir inkişafın baş vermə prosesidir, ona görə də onun qarşısı heç vaxt alına bilməz, lakin gəlişmələr, yeniliklər çox olacaq, hansı ki, vaksin özü də köməkçi bir vasitədir. Vaksindən başqa bir çox yeni vasitələr, həmçinin onkoloji xəstəliklərlə mübarizədə molekulyar biologiyanın inkişafı istiqamətində də yeni sahələr var, amma bütün bunlara baxmayaraq onkologiyaya qalib gəlmək mümkün olmayacaq, çünki nə qədər canlı orqanizm var o qədər də onkologiya var".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.