AZ

İlham Əliyev "Bakı Enerji Həftəsi"ndə tarixi mesajlar verdi - Azərbaycan artıq başqa liqadadır

Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü "Bakı Enerji Həftəsi"ndəki çıxışı təkcə enerji sektorunun bugünkü vəziyyəti və perspektivləri ilə bağlı deyil, ölkəsinin Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunun, uğurlu dövlət idarəçiliyinin və milli maraqlara əsaslanan strateji kursunun təqdimatı kimi diqqət çəkdi. Dövlət başçısı çıxışında Azərbaycanın enerji siyasətinin tarixi köklərindən başlayaraq, ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rola, iqtisadi inkişaf modelinə, regional əməkdaşlıq təşəbbüslərinə və gələcək hədəflərinə qədər geniş məsələlərə toxundu.

Dövlət Başçısı vurğuladı ki, vaxtilə yalnız neft və qaz ixracatçısı kimi tanınan Azərbaycan bu gün həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji sahəsində böyük investisiyalar həyata keçirən mühüm tərəfdaş ölkəyə çevrilib. Çıxışda xüsusilə enerji siyasətinin ölkənin iqtisadi gücünün, sosial rifahının, hərbi qüdrətinin və beynəlxalq nüfuzunun formalaşmasında oynadığı rol ön plana çəkildi.

Ölkə başçısı Azərbaycanın 1990-cı illərin əvvəllərində üzləşdiyi ağır vəziyyətlə bugünkü reallıqlar arasında müqayisələr apararaq, əldə edilən nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün uğurla davam etdirilən enerji strategiyasının dayandığını qeyd etdi. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, yeni qaz və bərpaolunan enerji layihələri, nəqliyyat-kommunikasiya marşrutlarının inkişafı, o cümlədən Zəngəzur dəhlizinin perspektivləri də çıxışın əsas mövzularından biri oldu.

İlham Əliyevin nitqində bir daha nümayiş etdirildi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi maraqlara deyil, həm də uğurlu diplomatiyaya, regional əməkdaşlığa və uzunmüddətli strateji baxışa söykənir.

Məhz bu amillər ölkəmizi son otuz ildə regionun aparıcı dövlətlərindən birinə, qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevirib.

Cavanşir Abbaslı
Musavat.com

 

Seçilən
24
musavat.com

1Mənbələr