AZ

Deputat xəbərdarlıq etdi: “Cəzasızlıq belə halların təkrarlanmasına yol açır”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Gürcüstanın Marneuli rayonunda yerləşən dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünə qarşı hörmətsizlik edildiyi bildirilir. Məlumatı siyasətçi Aqil Səmədbəyli yayıb və hadisənin Marneulidə Nəriman Nərimanov və Nizami Gəncəvi küçələrinin kəsişməsində baş verdiyini qeyd edib.

Milli Məclisin deputatı Elnarə Akimova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Marneulidə dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünə qarşı edilən hörmətsizlik adi xuliqanlıq və mədəniyyətsizlik nümunəsi kimi qiymətləndirilməlidir. Çünki hadisənin baş verdiyi Marneuli rayonu əsasən azərbaycanlıların yaşadığı bölgədir və Gürcüstanla Azərbaycan arasında uzun illərə söykənən strateji tərəfdaşlıq, dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. Bu səbəbdən məsələyə süni şəkildə siyasi çalar vermək nə hadisənin mahiyyətinə uyğundur, nə də iki dost xalqın maraqlarına xidmət edir.

Deputat qeyd edib ki, Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatının ən böyük simalarından biridir. Onun adına, irsinə və xatirəsinə hörmət göstərmək yalnız azərbaycanlıların deyil, mədəniyyətə və bəşəri dəyərlərə hörmət edən hər bir insanın borcudur. Belə bir şəxsiyyətin abidəsinə qarşı edilən hörmətsizlik əslində bir xalqın deyil, ümumbəşəri mədəni irsin hədəfə alınması deməkdir.

Deputatın fikrincə, bu kimi halların qarşısını almaq üçün ilk növbədə ictimai məsuliyyət hissi gücləndirilməlidir. İnsanlar yaşadıqları şəhərin, küçənin, parkın və orada yerləşən tarixi-mədəni abidələrin onların mənəvi sərvəti olduğunu dərk etməlidirlər. Məktəblərdə və ictimai tədbirlərdə tarixi şəxsiyyətlərin irsi haqqında maarifləndirmə işi genişləndirilməli, gənc nəslə mədəni irsə hörmət hissi aşılanmalıdır.

“Eyni zamanda, abidələrin yerləşdiyi ərazilərdə müşahidə kameralarının quraşdırılması, ictimai nəzarətin artırılması və bu cür xuliqanlıq əməllərinə yol verən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması vacibdir. Cəzasızlıq hissi belə halların təkrarlanmasına zəmin yaradır. İnsan bilməlidir ki, tarixi və mədəni irs nümunəsinə qarşı hörmətsizlik sadəcə bir əşyaya zərər vurmaq deyil, bütöv bir cəmiyyətin mənəvi dəyərlərinə qarşı hərəkətdir”, - deyən deputat hesab edir ki, ən önəmlisi isə odur ki, bu hadisə iki dost xalq arasında münasibətlərə kölgə salmaq üçün deyil, mədəniyyətə hörmətin daha da gücləndirilməsi üçün bir çağırış kimi qəbul edilməlidir.

“Nizami Gəncəvi kimi dahilər xalqları ayırmır, əksinə birləşdirir. Onların irsinə sahib çıxmaq isə həm Azərbaycanın, həm də Gürcüstanın ortaq mənəvi məsuliyyətidir”, - deyə Elnarə Akimova vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
icma.az

1Mənbələr