Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul və işləyən valideynlərin üzləşdiyi çətinliklər yenidən gündəmə gəlib. Milli Məclisin komitə sədri Hicran Hüseynova hesab edir ki, hər iki valideynin işləməsi uşaq bağçalarına qəbul zamanı imtiyaz kimi nəzərə alınmalıdır. Onun sözlərinə görə, bu yanaşma həm ailələrin sosial yükünün azalmasına, həm də qadınların əmək bazarında daha aktiv iştirakına dəstək ola bilər.Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bildirib ki, ata da işləyir, ana da işləyir və valideyn uşağını bağçaya yerləşdiribsə, buna görə əlavə güzəşt və ya xüsusi imtiyaz tətbiq olunması doğru yanaşma deyil:“Nəzərə almaq lazımdır ki, bağçalarda çalışan müəllimlər, pedaqoji heyət, texniki işçilər və idarəetmə personalı dövlət tərəfindən maliyyələşir, əmək haqqı alır. Eyni zamanda uşaqların təhsili üçün dövlət büdcəsindən vəsait ayrılır. Bu baxımdan yanaşma belə olmamalıdır ki, valideynlər işləyir deyə bağça əlavə güzəşt tətbiq etsin. Əsas məsələ ailələrin rifahının yaxşılaşdırılması olmalıdır. Çünki ata da, ana da işləyirsə, bu artıq həmin ailənin ehtiyac içində olduğunu göstərir. Valideynlər məcbur qalıb uşağı bağçaya qoyurlar. Uşağa baxacaq nənə, baba və ya başqa yaxın olmur, nəticədə ailə çıxış yolu kimi bağçaya üz tutur. Halbuki bağçanın əsas məqsədi uşağın erkən inkişafı, ilkin bilik və bacarıqlarının formalaşdırılması olmalıdır. Yəni valideyn uşağını bağçaya çarəsizlikdən yox, övladının inkişafı və təhsili üçün yerləşdirməlidir. Bu səbəbdən əlavə güzəştlər tətbiq etmək əvəzinə, ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində addımlar atılmalıdır. Məsələn, ailəyə sosial dəstək göstərilə bilər ki, valideynlərdən biri övladın təhsili və qayğısı ilə daha yaxından maraqlana bilsin. Əks halda həm valideynlər ağır iş yükü altında qalır, həm də dövlət büdcəsinə əlavə yük yaranır”.O deyib ki, belə qərarlar başqa ailələr arasında da mübahisəli vəziyyət yarada bilər:“Məsələn, ailədə bir valideyn işləmirsə, o biri ailələr düşünə bilər ki, güzəştdən yararlanmaq üçün onlar da müəyyən addımlar atsınlar. Yəni hər qərarın cəmiyyətə təsiri bütöv şəkildə hesablanmalıdır.Ümumiyyətlə, son illər dövlət tərəfindən bu istiqamətdə müəyyən dəstəklər artıq həyata keçirilir. Hətta bəzi hallarda özəl bağçalarda təhsil alan uşaqlarla bağlı valideynlərə maliyyə dəstəyi göstərilir. Məsələn, uşağın aylıq və ya illik təhsil haqqının müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Bu da valideynlərə yardım məqsədi daşıyır. Bu baxımdan hər iki valideynin də işlədiyi ailələr üçün əlavə bağça güzəştlərinin tətbiqi düzgün yanaşma deyil. Daha məqsədəuyğun variant ailələrin sosial rifahının gücləndirilməsi və valideynlərin seçim imkanlarının artırılmasıdır”, - ekspert fikrini yekunlaşdırıb.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.