AZ

AÇG-dən sərbəst təbii qazın hasilatına başlandı

30 ilə yaxındır neft verən bu nəhəng blokun indi yeni səhifəsi açılır

Xəzərin Azərbaycan sektorunda yerləşən, dünyanın ən böyük neft yataqları bloklarından olan "Azəri-Çıraq-Günəşli"dən (AÇG) sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarına başlanıb. Bu barədə AÇG-nin işlənməsi operatoru olaraq BP şirkəti layihədəki tərəfdaşları - SOCAR, MOL, INPEX, "ExxonMobil", TPAO və "ONGC Videsh" adından məlumat yayıb.

Mövcud "Qərbi Çıraq" platformasından qazılmış ilk STQ quyusu AÇG-nin irihəcmli sərbəst təbii qaz ehtiyatları potensialının açılması istiqamətində atılan ilk mühüm addımdır. İlkin hasilatla yanaşı, bu quyu lay-kollektor və axın haqqında vacib məlumatlar əldə olunmasını təmin etməklə gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək göstərir.

AÇG blokunun STQ ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu proqnozlaşdırılır.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bu barədə belə deyib: "Bu gün Azərbaycan və AÇG tərəfdaşları üçün çox böyük bir gündür. AÇG-nin uzun və uğurlu bir tarixi var. Artıq 30 ilə yaxın neft hasil edən bu yataq indi də yeni səhifə açmaqla ölkə və öz investorları üçün dəyər gətirmək potensialını hələ də saxlayır. Neftlə yanaşı, qaz hasilatı dövrünü başlamaqla AÇG indi inteqrasiya olunmuş həm neft, həm də qaz yatağı kimi xüsusi bir mövqeyə malik bir yataq olaraq regional sənayedə aparıcı rol oynayacaq, Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarına töhfə verəcək və ölkənin enerji keçidi istiqamətində səylərini dəstəkləyəcək".

Qeyd edək ki, AÇG-də ilk STQ hasilatı əməliyyatları ötən il qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını - daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksəktəzyiqli qaz ehtiyatlarının olduğunu aşkar etmişdir.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı, həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. Quyudan çıxarılan qaz və kondensat karbohidrogenlərin işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndəriləcək. Bu zaman mövcud dəniz obyektlərindən səmərəli istifadə olunacaq.

Xatırladaq ki, sözügedən sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatına imkan verən AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında sazişə (HPBS) əlavə 2024-cü il sentyabrın 20-də elan edilib. STQ layları hazırda hasilatda olan neft laylarının altında və üstündə yerləşən çoxsaylı geoloji formasiyalardan ibarətdir ki, bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdi. 

HPBS-yə əlavə sənədi 2049-cu ildə AÇG üzrə mövcud sazişin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 23 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG-də onların işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
5
22
azerbaijan-news.az

10Mənbələr