AZ

Bakı dünyanın enerji xəritəsinin müəyyən edilməsində mühüm aktor rolunu oynayır


Azərbaycan bu gün təkcə mühüm qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi siyasi mərkəz kimi deyil, eyni zamanda dünyanın və Avropanın enerji xəritəsini müəyyənləşdirən ölkə kimi tanınır. Bunu şərtləndirən başlıca amil 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın enerji strategiyasıdır. Zaman keçdikcə bu strategiya müasir tələblərə və çağırışlara cavab olaraq bir qədər də inkişaf edib, özü üçün yeni çalarlar və istiqamətlər müəyyənləşdirib.

Məhz yeni yanaşmaların və istiqamətlərin, enerji strategiyasında gələcəyə yönəlmiş hədəflərin dünyaya təqdimatı baxımından Bakı Enerji Həftəsinin mühüm əhəmiyyəti var. Qeyd etmək yerinə düşər ki, “Bakı Enerji Həftəsi” çərçivəsində ənənəvi olaraq 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və 31-ci “Baku Energy Forum” da keçirilir.

Bu baxımdan qeyd edilən tədbirlər protokol xarakterli toplantılar və ya forumlar olmaqla yanaşı, həm də 1994-cü ildən bu günə qədər görülən işlərin hesabatı, eyni zamanda gələcəyə hesablanmış hədəflərin Bakının Avropa və dünyadakı enerji tərəfdaşlarına çatdırılması baxımından əhəmiyyətli platformadır.

“Bakı Enerji Həftəsi”ndə iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev həm bu günə qədər Bakının enerji siyasəti sahəsində gördüyü işləri, həm də qarşıya qoyulan hədəfləri geniş və məzmunlu çıxışı ilə iştirakçılara çatdırdı. Dövlət başçısının çıxışı əsas etibarilə üç dövrü əhatə edirdi və hər bir dövrdə Azərbaycanın qlobal enerji bazarında rolu aydın şəkildə ifadə olunurdu.

Birinci dövr 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası və “Əsrin müqaviləsi”nin imzalanmasıdır ki, Azərbaycanın bu günkü inkişafının, qlobal enerji bazarında əhəmiyyətli rol oynamasının əsasını məhz həmin tarixi hadisə təşkil edir.

Prezidentin çıxışı zamanı səciyyələndirdiyi ikinci dövr enerji məsələlərinin normal məcraya yönəldiyi mərhələdir və Azərbaycan Lideri bu məsələdə haqlı olaraq Birləşmiş Ştatlar Prezidenti Donald Trampın fəaliyyətini xüsusi qeyd etdi.

“Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan ictimai rəylə küncə sıxışdırılırdılar”, – deyən Prezident İlham Əliyev bildirdi ki, Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən də əla hadisə oldu.
Nəhayət, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı zamanı diqqət çəkdiyi üçüncü vacib məqam mövcud imkanlardan daha səmərəli istifadə etməklə gələcəyə yönəlik addımlar atmaq, yeni hədəflər müəyyən etməkdən ibarət idi.

“Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyini təmin etməklə və bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!” – deyən Prezident İlham Əliyev Azərbaycanın qlobal enerji siyasətindəki hədəflərini də aydın şəkildə ifadə etdi.

Bildiyimiz kimi, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçu rolunu oynayır. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz satır ki, həmin ölkələrdən 10-u məhz Avropa İttifaqının üzvüdür. Qarşıdakı hədəf isə Azərbaycandan qaz alan ölkələrin sayını artırmaq və qaz nəqlini genişləndirməkdir. Bu, təkcə Bakı üçün iqtisadi dividend deyil, eyni zamanda yeni strateji tərəfdaşların müəyyən edilməsidir. Bunun üçün isə həm potensial, həm də imkanlar var.

Dövlət başçısının qeyd etdiyi kimi, mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir.

Dünyada artan qlobal istiləşmə və ekoloji tarazlığın pozulması alternativ enerji mənbələrindən istifadəni zərurətə çevirir. Xüsusilə külək və günəş enerjisindən, eləcə də “yaşıl enerji”dən istifadəyə ölkələr xüsusi diqqət yetirirlər. Azərbaycan da qeyd edilən istiqamətlərə daha çox diqqət ayıraraq nəticəyə hesablanmış addımlar atıb.

Prezident İlham Əliyevin dediyi kimi, gələn ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Paralel olaraq Bakı Mərkəzi Asiyadakı tərəfdaşları ilə birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində də işləyir.

Göründüyü kimi, Azərbaycanın xarici siyasəti kimi, enerji strategiyası da çoxvektorludur və eyni zamanda bu strategiya yalnız Bakının maraqlarını ifadə etmir. Azərbaycanın enerji siyasəti və strategiyası həm də onun dünyadakı və Avropadakı tərəfdaşlarının maraqları ilə üst-üstə düşür. Bu da Bakını qlobal mənada daha yaxın və strateji tərəfdaşa çevirir.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Seçilən
24
newscenter.az

1Mənbələr