AZ

"Bakı-Supsa" boru kəmərinin operatorluğu Azərbaycan və Gürcüstana verilir

"Bakı-Supsa" Qərb İxrac Boru Kəmərinin operatorluğu 8 iyun tarixində sahiblərinə təhvil veriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Bakı-Supsa" (Qərb İxrac Boru Kəməri) hazırda tam işlək vəziyyətdədir və ehtiyac yarandıqda ondan istifadə olunur. O bildirib ki, təxminən 3-4 ay əvvəl həmin boru kəməri vasitəsilə neft ixracı həyata keçirilib.

Cio Kristofoli qeyd edib ki, şirkət müqavilə öhdəliklərinə uyğun olaraq boru kəmərinin əməliyyatlarının onun sahiblərinə təhvil verilməsi prosesini icra edir. Onun sözlərinə görə, bu proses 8 iyun tarixində həm Gürcüstanda, həm də Azərbaycanda həyata keçiriləcək.

O vurğulayıb ki, bu addım aktivlərin satışı və ya "divestment" deyil, sadəcə illər əvvəl imzalanmış müqavilə öhdəliyinin yerinə yetirilməsidir və proses hökumət qərarlarına əsaslanır. Kristofolinin sözlərinə görə, boru kəmərinin operatorluğu müvafiq ölkələrdə onun sahiblərinə qaytarılır və bu, tərəflərin əvvəlcədən razılaşdırılmış hüquqi öhdəliklərinə uyğun şəkildə icra olunur.

Xatırladaq ki, bu ilin may ayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.

Seçilən
1
1
day.az

2Mənbələr