AZ

D-8 enerji əməkdaşlığı Azərbaycan üçün yeni imkanlar yaradır

Bakı Bəyannaməsi çərçivəsində D-8 ölkələri ilə enerji əməkdaşlığının genişlənməsi Azərbaycanın enerji siyasətində neft-qaz asılılığından kənara çıxaraq daha şaxələndirilmiş modelə keçid üçün mühüm imkanlar yaradır.

İqtisadçı ekspert Akif Nəsirli  QHT.az-a açıqlamasında bildirib ki, Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriya kimi D-8 ölkələri artan enerji tələbatı ilə Azərbaycanın həm qaz, həm də bərpaolunan enerji ixracı üçün perspektiv bazarlara çevrilə bilər.

Onun sözlərinə görə, qaz sahəsində SOCAR vasitəsilə Pakistan və Banqladeşə LNG və boru qazı ixracı imkanları nəzərdən keçirilə bilər. Eyni zamanda, Türkiyə üzərindən Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Türkmənistan qazının Azərbaycan vasitəsilə yeni bazarlara çıxarılması tranzit potensialını gücləndirə bilər.

Ekspert əlavə edib ki, Nigeriya və İndoneziya kimi enerji istehsalçısı ölkələrlə birgə layihələr və texnologiya mübadiləsi də əməkdaşlığın yeni istiqamətlərindəndir.

Bərpaolunan enerji sahəsində isə günəş, külək və yaşıl hidrogen layihələri xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Naxçıvanda yaradılan yaşıl enerji zonaları bu əməkdaşlıq üçün real platforma formalaşdırır. Bu prosesdə AzərEnerji kimi qurumların D-8 ölkələrinin enerji şirkətləri ilə əməkdaşlığı texnologiya transferini sürətləndirə bilər.

Nəsirli qeyd edib ki, elektrik şəbəkələrinin inteqrasiyası da gələcəkdə regional enerji təhlükəsizliyini gücləndirə biləcək əsas istiqamətlərdən biridir.

Onun fikrincə, Bakı Bəyannaməsi Azərbaycan üçün həm bazarların şaxələndirilməsi, həm də yaşıl enerji keçidinin sürətləndirilməsi baxımından strateji platformadır.

Zəhra Ağayeva

Seçilən
65
qht.az

1Mənbələr