AZ

Rusiyadan Ermənistana daha bir “ikinci Ukrayna” TƏHDİDİ

Rusiyadan Ermənistana “ikinci Ukrayna” təhdidləri davam etməkdədir. Kreml lideri Putinin “Ukrayna böhranı da Avropa İttifaqına üzvlük niyyətinə görə başlamışdı” hədəsinin ardınca bu dəfə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Avropa Birliyinə qoşulacağı halda Ermənistan imtiyazlar almayacaq. O, irəli gedərək “Ermənistana da keçmişdə Ukraynaya necə münasibət göstərilibsə, o cür münasibət göstəriləcək” söyləyib.

Volodindən

Volodin qeyd edib ki, Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləməyin əsas səbəblərindən biri “inkişaf perspektivləri” hesab olunurdu. Onun fikrincə, Ukrayna kənd təsərrüfatı məhsulları tarif kvotaları səbəbindən heç vaxt Aİ bazarına tam çıxış əldə edə bilməyib. O, eyni ssenarinin Ermənistan üçün də gözlənilə biləcəyinə inanır. Volodinin sözlərinə görə, bu, benzinin qiymətinin artmasına, Rusiyadan gələn pul köçürmələrinin azalmasına, miqrasiya qaydalarının dəyişməsinə və Ermənistan məhsullarının Rusiya bazarına tədarükünün məhdudlaşdırılmasına səbəb ola bilər.

Qeyd edək ki, seçkilər ərəfəsində Rusiya Ermənistan hakimiyyətinə siyasi-iqtisadi basqıları gücləndirir. Ən müxtəlif formalarda xəbərdarlıq alan İrəvan indi “ikinci Kiyev” olmaqla şantaj olunur. Ermənistanın Gümrü şəhərində 102-ci rus hərbi bazası yerləşir. Erebunidə isə rusların aviabazası var. Moskva hərbi ritorika ilə həmlə edəndə bu iki faktı yada salır. Volodin isə lideri Putindən geri qalmayaraq açıq şəkildə Paşinyan iqtidarını qorxudur. Bundan əvvəl isə spiker erməni baş naziri “ləyaqətsizlikdə və riyakarlıqda” ittiham etmişdi.

Rusiya

Rusiyanın Ermənistana qəzəbinin və Ukrayna ilə müqayisəsinin bir səbəbi də Zelenskinin İrəvanda verdiyi bəyanatdır. Ukrayna lideri 9 May paradında ölkəsinin dronlarının da uça biləcəyini söyləmişdi və Moskva rəsmi İrəvanın onun bu çıxışına şərait yaratmasına hiddətlənmişdi.
Onu da xatırladaq ki, Ermənistan Avrasiya İqtisadi Birliyində qalmaqda davam edəcəyini bəyan etsə də, Moskva “AİB və Aİ arasında seçim et” israrından əl çəkmir. Putin “iki ittifaqdan birini seçməklə bağlı referendum” təklifini AİB-in Astana sammitində də gündəmə gətirib və dörd ölkənin – Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın birgə çağırışına nail olub. Paşinyan isə “referendum təklifini” rədd edib və AİB-də qalacaqlarını bildirib.

Siyasi təhlilçi Asif Nərimanlıya görə, İrəvanın Brüsselə yaxınlaşmaq siyasətinə rəğmən, Avropa İttifaqına üzvlük məsələsi uzunmüddətli prosesdir, hətta Gürcüstan, Moldova, Ukrayna təcrübəsi yekunda qəbul edilib-edilməməsini belə sual altına salır: “Bunu Moskvada da anlayırlar, hərçənd, Rusiyanın məhz seçkidən öncə “seçim tələbi”ndə israr etməsi konkret hədəfə hesablanıb. Birincisi, Ermənistan hakimiyyətini Aİ ilə yaxınlaşma siyasətinə dair Brüsseldə şübhələrə yol aça biləcək mövqe sərgiləməyə məcbur etməkdir. İkincisi, Rusiya erməni ictimai rəyinə “AİB-dən uzaqlaşan Paşinyanın yenidən seçilməsi iqtisadi itkilər deməkdir” mesajını çatdırır və bununla seçicilərin mövqeyinə təsir etməyə çalışır”.

Musavat.com

Seçilən
37
9
editor.az

10Mənbələr