AZ

Stavropolda erməni separatizmi xortladı - kilsədə "Biz və dağlarımız" abidəsi açıblar

Rusiyanın Stavropol diyarında "Surb Ripsime" kilsəsinin ərazisində erməni separatizminin əsas simvollarından biri sayılan "Biz və dağlarımız" abidəsinin surəti açılıb. Mədəni tədbir kimi təqdim olunan bu açılış regionda yeni geosiyasi reallıqların formalaşdığı bir vaxtda köhnə münaqişə narrativlərinin yenidən gündəmə gətirilməsi təsiri bağışlayır. Bu gün Qarabağ münaqişəsi tarixə qovuşub, separatçı rejim ləğv edilib, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bakı və İrəvan sülh sazişi istiqamətində danışıqlar aparır, regionun gündəliyində isə müharibə deyil, nəqliyyat marşrutları, iqtisadi əməkdaşlıq və Zəngəzur dəhlizi dayanır. Belə bir şəraitdə separatizmin simvollarının yenidən aktuallaşdırılması nəyə xidmət edir?

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Stavropolda bədnam abidənin surətinin açılması ilk növbədə emosiyalarla deyil, geosiyasi məntiqlə təhlil olunmalıdır:

kamran_politoloq.jpg

"Bu cür addımlar adətən müəyyən siyasi dairələrin regionda baş verən proseslərə münasibətinin göstəricisi olur. Qarabağ məsələsi artıq beynəlxalq hüquq baxımından həll olunubsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və tərəflər sülh müqaviləsinə doğru hərəkət edirsə, Rusiyada separatizm dövrünün simvollarının yenidən aktuallaşdırılması mənasızdır. Burada əsas məsələ ondan ibarətdir ki, Rusiyadakı bəzi qüvvələr hələ də Cənubi Qafqaza köhnə geosiyasi prizma ilə baxırlar. Onlar regionu müstəqil dövlətlərin əməkdaşlıq məkanı kimi deyil, böyük güclərin rəqabət meydanı kimi görməyə davam edirlər.

Qarabağ münaqişəsi uzun illər xarici təsir mexanizmlərindən biri kimi istifadə olunub. Münaqişə mövcud olduqca vasitəçilər, müşahidəçilər, müxtəlif siyasi mərkəzlər prosesə təsir imkanlarını saxlayırdılar. Münaqişənin faktiki olaraq sona çatması isə həmin alətləri ortadan qaldırıb.

Bu baxımdan Stavropoldakı hadisə daha çox müəyyən dairələrin itirilmiş status-kvonun arxasınca baxmasının nümunəsidir".

Siyasi şərhçi deyib ki, digər mühüm məqam odur ki, bu cür aksiyalar Ermənistanın öz maraqlarına da xidmət etmir: "Çünki rəsmi İrəvan hazırda regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və sülh gündəliyinin irəliləməsində maraqlı olduğunu nümayiş etdirir. Belə şəraitdə keçmiş münaqişənin simvollarını ön plana çıxarmaq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə vermir. Əslində bu hadisə bir daha göstərir ki, "separatçı layihəsi" siyasi baxımdan başa çatıb, lakin onun ideoloji irsi üzərində yaşayan qruplar hələ də mövcuddur. Onlar yeni reallığı qəbul etməkdə çətinlik çəkirlər.

Lakin beynəlxalq münasibətlərdə əsas amil emosiyalar deyil, güc balansı və hüquqi reallıqdır. Bu gün Qarabağ məsələsinin hüquqi statusu müzakirə mövzusu deyil. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu fakt həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Ona görə də Stavropolda açılan abidə geosiyasi mənzərəni dəyişən hadisə deyil. O, sadəcə olaraq müəyyən siyasi dairələrin keçmişə bağlılığının və yeni regional reallıqlarla barışmaq istəməməsinin növbəti nümayişidir. Tarix isə göstərir ki, reallıqla mübarizə aparan simvolik aksiyalar uzunmüddətli siyasi nəticə yaratmır. Regionun gələcəyini abidələr deyil, dövlətlərin qəbul etdiyi qərarlar, iqtisadi maraqlar və formalaşan yeni nəqliyyat-kommunikasiya xəritəsi müəyyənləşdirir".

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr