AZ

Beynəlxalq konfransın iştirakçıları Atəşgah Məbədi ilə tanış olublar

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə keçirilən “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransın iştirakçıları iyunun 2-də Atəşgah Məbədini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, ziyarət çərçivəsində qonaqlara məbəd kompleksinin tarixi, memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, XVII–XVIII əsrlərdə Hindistandan Azərbaycana gələn siqh tacirləri və zəvvarları Atəşgahı mühüm ibadət məkanı kimi istifadə ediblər.

Qonaqlara Atəşgahın əsrlər boyu müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirən tolerantlıq məkanı kimi formalaşdığı, Azərbaycanın isə tarixən fərqli xalqların və dini icmaların dinc yanaşı yaşadığı ölkə olduğu diqqətə çatdırılıb. Onlar məbəd kompleksində qorunub saxlanılan tarixi abidələrlə tanış olub, qədim ənənələri əks etdirən eksponatlara maraq göstəriblər.

Səfər zamanı iştirakçılara məlumat verilib ki, Atəşgah Məbədi əsrlər boyu Hindistanla Azərbaycan arasında tarixi, mədəni və dini əlaqələrin mühüm mərkəzlərindən biri olub. XVII–XVIII əsrlərdə Hindistandan gələn siqh tacirləri və zəvvarları burada ibadətlərini yerinə yetirib, məbədi müqəddəs ziyarətgah kimi qəbul ediblər. Həmçinin tarixi mənbələrdə siqhizmin banisi Guru Nanakın səfərləri zamanı Atəşgahda olduğu, burada dini ayinlər keçirdiyi və ardıcılları ilə görüşlər təşkil etdiyi qeyd olunur.

Qonaqların diqqətinə çatdırılıb ki, Atəşgah yalnız dini məkan deyil, eyni zamanda, müxtəlif xalqlar və mədəniyyətlər arasında əlaqələrin inkişaf etdiyi mühüm görüş yeri kimi fəaliyyət göstərib. Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri sayəsində siqh icmasının nümayəndələri burada öz dini inanclarını sərbəst şəkildə yaşadıb və ibadətlərini həyata keçiriblər.

Daha sonra beynəlxalq konfrans iştirakçıları 1984-cü ilin iyun ayında baş vermiş Amritsar hadisələrinə həsr olunan rəsm əsərlərinə baxıblar.

Seçilən
24
2
azertag.az

3Mənbələr