AZ

Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir

Ermənistan və Türkiyə iş adamlarının Qarsda keçirdiyi son biznes-forum ilk baxışdan adi iqtisadi tədbir təsiri bağışlasa da, əslində regionda formalaşan yeni geosiyasi reallığın növbəti göstəricilərindən biri kimi qiymətləndirilə bilər.

Musavat.com xəbər verir ki, forumda iştirak edən erməni sahibkarların əsas hissəsinin meyvə, gül və digər kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olması təsadüfi deyil. Son dövrlərdə Rusiya bazarında yaranan problemlər və Ermənistan məhsullarının ixracı ilə bağlı məhdudiyyətlər erməni biznesini alternativ istiqamətlər axtarmağa məcbur edib. Bu alternativlərin başında isə məhz Türkiyə dayanır.

Nikol Paşinyanın bir neçə gün əvvəl Ermənistan məhsullarının tədarük marşrutlarının şaxələndirilməsi istiqamətində ilk addımların atıldığını bəyan etməsi də bu prosesin dövlət səviyyəsində təşviq edildiyini göstərir.

Əslində, 1993-cü ildən bəri bağlı qalan Türkiyə-Ermənistan sərhədi uzun illər regionun dəyişməz reallıqlarından biri hesab olunurdu. Sərhədlərin bağlanması Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı idi. Lakin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra regionda yeni vəziyyət formalaşıb. Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və bunun ardınca Ankara-İrəvan xəttində normallaşma prosesi sürətlənməyə başlayıb.

Bu gün müşahidə olunan mənzərə onu göstərir ki, Türkiyə yalnız siyasi deyil, iqtisadi baxımdan da Ermənistan bazarında mövqelərini gücləndirir. Uzun illər Kremlin dominant təsir dairəsində qalan Ermənistan iqtisadiyyatı yeni tərəfdaşlar axtarır və bu boşluğu ən sürətli dolduran ölkə məhz Türkiyədir.

Qarsda keçirilən forum da bu baxımdan rəmzi əhəmiyyət daşıyır. Ermənistan sahibkarlarının quru sərhədindən keçərək Türkiyəyə getməsi və birbaşa tədarük mexanizmlərini müzakirə etməsi iki ölkə arasında iqtisadi əlaqələrin yeni mərhələyə keçdiyini göstərir.

Yaxın perspektivdə sərhədlərin daha geniş şəkildə açılması, logistika marşrutlarının aktivləşməsi və ticarət dövriyyəsinin artması ehtimalı yüksək qiymətləndirilir. Bu isə təkcə iqtisadi deyil, siyasi nəticələr də doğura bilər.

Beləliklə, son proseslər göstərir ki, Cənubi Qafqazda güc balansında mühüm dəyişikliklər baş verir. Uzun illər Ermənistan üzərində əsas təsir imkanlarına malik olan Rusiyanın mövqelərinin zəifləməsi fonunda Türkiyə regionda öz nüfuzunu artırır. Ankara həm Azərbaycanla strateji müttəfiqliyini qoruyur, həm də Ermənistanla normallaşma prosesini irəli apararaq bölgədə yeni iqtisadi və siyasi imkanlar əldə edir.

Qarsda keçirilən son forum məhz bu dəyişən reallığın ən diqqətçəkən nümunələrindən biri kimi yadda qalır.

 

Musavat.com

Seçilən
39
50
musavat.com

10Mənbələr