AZ

Polşada banderizm ideologiyasına qarşı yeni qanun layihəsi hazırlanır

BAKI, 3 iyun. TELEQRAF

Polşada Ukrayna millətçiliyinin və banderizm ideologiyasının təbliğinin qadağan olunmasını nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotskinin müşaviri Yakub Banaşek PAP agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qanun layihəsi ictimai təşəbbüs kimi Seymin (parlamentin aşağı palatası) müzakirəsinə təqdim olunacaq. Banaşek bildirib ki, təşəbbüs Ukrayna Prezidenti Volodimir Zelenskinin son qərarlarına, xüsusilə də banderçilərin təriflənməsi ilə bağlı addımlarına cavab olaraq hazırlanıb.

"Qanun layihəsi, onun əsaslandırılması və hüquqi müşayiəti artıq hazırdır. Sənədlər iyunun 8-də Seym marşalına təqdim ediləcək. Müvafiq prosedurlar tamamlandıqdan sonra imza toplanmasına başlanılacaq", - deyə o qeyd edib.

Müşavirin sözlərinə görə, təşəbbüs banderizm ideologiyasının təbliğinə görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutur. Layihənin parlamentdə müzakirəyə çıxarılması üçün ən azı 100 min vətəndaşın imzası toplanmalıdır.

Yakub Banaşek əlavə edib ki, hazırda Seymdə oxşar məzmunlu daha iki qanun layihəsi var. Onlardan biri prezident administrasiyası tərəfindən 2025-ci ilin sentyabrında təqdim olunub, digəri isə müxalifətdəki "Hüquq və Ədalət" partiyasına məxsusdur. Onun sözlərinə görə, hər iki sənəd hazırda parlamentdə baxılmadan saxlanılır.

Varşava ilə Kiyev arasında gərginlik mayın 26-da Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin "Şimal" Mərkəzinə UPA qəhrəmanlarının adının verilməsi barədə qərarından sonra artıb.

Bu addım Polşada kəskin narazılıq doğurub. Keçmiş prezident Lex Valensa Zelenskinin bu qərarla həlak olmuş polyakların xatirəsini təhqir etdiyini bildirib və bundan sonra ona dəstəyini davam etdirməyəcəyini açıqlayıb.

Hadisədən sonra Polşa Xarici İşlər Nazirliyi Ukraynanın Varşavadakı səfiri Vasili Bodnarı nazirliyə çağıraraq narahatlığını ifadə edib. Prezident Karol Navrotski isə Zelenskinin Polşanın ali dövlət mükafatı olan Ağ Qartal ordenindən məhrum edilməsini təklif edib.

Seçilən
71
1
teleqraf.com

2Mənbələr