ain.az, Yenisabah saytına istinadən bildirir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində fəaliyyət göstərən Ümumdünya Meteorologiya Təşkilatı (WMO) yeni “El Nino” mərhələsinin yaxın aylarda formalaşacağı barədə xəbərdarlıq edib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, WMO-nun son qiymətləndirməsinə əsasən, 2026-cı ilin iyun-avqust aylarında “El Nino” hadisəsinin yaranma ehtimalı 80 faiz təşkil edir. Bu prosesin ən azı noyabr ayına qədər davam etmə ehtimalı isə 90 faizdən yuxarı qiymətləndirilir.
Təşkilatın məlumatına görə, hadisənin maksimum gücü və dəqiq inkişaf tempi ilə bağlı müəyyən qeyri-müəyyənliklər qalsa da, əksər iqlim modelləri onun ən azı orta, hətta güclü intensivliyə çata biləcəyini göstərir. pizza
WMO bildirib ki, ekvatorial Sakit okeanda dəniz səthinin temperaturu sürətlə yüksəlir və bu, “El Nino”nun inkişafı üçün əlverişli şərait yaradır. Mütəxəssislər hesab edir ki, hadisə qlobal temperaturun daha da yüksəlməsinə, istilik dalğalarının, quraqlıqların, güclü yağışların və daşqınların sayının artmasına səbəb ola bilər.
Təşkilatın baş katibi Selest Saulo ölkələri mümkün risklərə hazır olmağa çağırıb. O bildirib ki, güclü “El Nino” həm quruda, həm də okeanlarda istilik dalğalarının artmasına, bəzi bölgələrdə quraqlığın, digər ərazilərdə isə intensiv yağıntıların güclənməsinə gətirib çıxara bilər.
BMT-nin Baş katibi Antonio Guterres isə yayımladığı videomüraciətdə bildirib ki, dünya bu hadisəni ciddi iqlim xəbərdarlığı kimi qəbul etməlidir. Onun sözlərinə görə, “El Nino” artıq istiləşən planetdə mövcud problemləri daha da dərinləşdirəcək və ekstremal hava hadisələrinin təsirini artıracaq.
Qeyd edək ki, “El Nino” tropik Sakit okeanda suyun temperaturunun normadan yüksək olması ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. O, adətən hər 2-7 ildən bir baş verir və dünyanın müxtəlif bölgələrində hava şəraitinə ciddi təsir göstərir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.