AZ

Müəllimlər manipulyasiya olunur - Pullu forumların görünməyən TƏRƏFİ

Təhsil bazarında son zamanlar trendə çevrilən, ödəniş müqabilində bir-birini əvəz edən forumlar kimi tanınan yeni bir metod formalaşmaqdadır. Müşahidələr göstərir ki, bu sistem daxilində müəllimlər üzərində müəyyən psixoloji və peşəkar manipulyasiyalar qurulur və müəllimlər ödəniş edərək bu cür forumlarda iştirak edir, sonda isə sertifikat əldə edirlər.

Maraqlıdır ki, bu forumlar müəllimləri hansı mexanizmlərlə təsir altına salır və bu prosesin təhsilin keyfiyyətinə real mənfi təsirləri nələrdir?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Əməkdar müəllim Sona Əliyeva qeyd edib ki, müəllim artıq öyrənməyə deyil, görünməyə can atır:

Deputat Sona Əliyeva: 

“Bu tipli forumlar və pullu tədbirlərin təşkilatçıları əslində müəllimlərin peşəkar boşluqlarından, emosional ehtiyaclarından və təhsil sisteminin daxili təzyiqlərindən istifadə edərək müəyyən manipulyasiya mexanizmləri qururlar.

Diqqət etsəniz görərsiniz ki, tədbir təşkilatçıları həmişə süni bir “peşəkar elita” aurası yaradırlar. Sosial media və marketinq vasitəsilə elə bir təəssürat formalaşdırılır ki, burada olmamaq geridə qalmaq deməkdir. Müəllim də düşünür ki, başqaları bu forumlarda iştirak edir, şəkil paylaşır, sertifikat alır, deməli, mən də kənarda qalmamalıyam. Bu, klassik sosial müqayisə mexanizmidir. Xüsusilə sosial şəbəkələr bu təsiri daha da artırır. Müəllim artıq öyrənməyə deyil, görünməyə can atır. Peşəkar inkişafın mərkəzinə dərs keyfiyyəti deyil, görüntü keçir.

Bütün cəmiyyətlərdə real bacarığı ölçmək çətin olduğu üçün sənəd, diplom və sertifikat bacarığın təsdiq edilməsinin qısa yolu kimi qəbul edilir. Amma zaman keçdikcə bu sənədlər çoxaldıqca onların dəyəri də azalır. Həmçinin problem ondadır ki, bu tip forumlar çox vaxt müəllim kimliyini inkişaf etdirmir, onu sadəcə bazar istehlakçısına çevirir. Halbuki yaxşı müəllimlik sertifikat sayında deyil, dərsin keyfiyyətində, uşağın inkişafında, sinif idarəetməsində, qiymətləndirmə bacarığında və pedaqoji refleksiyada görünür”.

Qısamüddətli və səthi forumlar təhsil ekosisteminə çox ciddi fundamental zərər verir:

“Müəllimlər özləri də anlamalıdır ki, peşəkar inkişaf bir günlük zal tədbiri deyil. Effektiv müəllim inkişafı davamlı, praktik, məktəb mühiti ilə bağlı, fənn məzmununa əsaslanan, müəllimi aktiv öyrənməyə cəlb edən və nəticəsi sinifdə görünən proses olmalıdır.

Bu qısamüddətli və səthi forumlar təhsil ekosisteminə çox ciddi fundamental zərər verir. Təhsilin bu cür “fast-food” modelinə salınması bilik və bacarıqların standartlaşdırılmasına və keyfiyyətsizləşməsinə səbəb olur. Bir neçə saatlıq, interaktivliyi aşağı, mühazirə xarakterli forumlar real pedaqoji bacarıqlar qazandıra bilməz. Bu, sadəcə müəllimlərdə “mən inkişaf edirəm” illüziyası yaradır, lakin sinif otağına qayıtdıqda tədrisin keyfiyyətində heç bir dinamik dəyişiklik baş vermir. Eyni zamanda müəllim əməyinə və biliyinə görə deyil, sadəcə iştirakına və ödənişinə görə qiymətləndirildiyini gördükdə, dərin elmi araşdırmalara və metodoloji yeniliklərə vaxt ayırmaq motivasiyasını itirir.

Bu forumlar çox vaxt elmi əsası olmayan, populyar psixoloji cərəyanları və ya şou xarakterli təhsil trendlərini təbliğ edir. Müəllimlər fundamental pedaqoji prinsiplər yerinə, sinifdə sadəcə vizual effekt yaradan, lakin şagirdin dərin öyrənməsinə xidmət etməyən metodlara yönəlirlər. Bu isə birbaşa şagirdlərin akademik göstəricilərinə və tənqidi təfəkkürünün formalaşmasına mənfi təsir edir. Təhsil sosiologiyası sübut edir ki, effektiv peşəkar inkişaf davamlı, monitorinq olunan və sinifdaxili tətbiqə əsaslanan modellərlə mümkündür.

Təhsil bazarındakı bu manipulyativ dalğanın qarşısını almaq üçün təhsil idarəetməsi səviyyəsində sertifikatların tanınma meyarları sərtləşdirilməli, müəllimlərə elmi-metodoloji əsaslara söykənən pulsuz və ya dövlət təminatlı peşəkar inkişaf platformaları təklif edilməlidir. Müəllimlər isə forumlara qatılmazdan əvvəl tənqidi təfəkkürlərini işə salaraq, iştirak etdikləri tədbirlərin marketinq tərəfini deyil, elmi-pedaqoji çəkisini sorğulamalıdırlar".

Seçilən
15
azedu.az

1Mənbələr