AZ

Strateji tərəfdaşlıq yeni real məzmunla zənginləşir -Vaşinqton-Bakı münasibətləri

Riyakar, avantürist, qərəzli Bayden-Blinken administrasiyası dövründə bu cütlüyün nankorluğu ucbatından gərginləşən ABŞ-Azərbaycan münasibətləri Prezident Donald Trampın Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasına yönəlik, rəsmi Bakı ilə starteji tərəfdaşlığın möhkəmləndirilməsinə əsaslanan konstruktiv siyasəti sayəsində yeni mərhələyə qədəm qoyub. ABŞ bölgədə sülh və sabitliyin möhkəmləndirilməsində Azərbaycanın aparıcı və konstruktiv rolunu yüksək qiymətləndirir. Azərbaycan Vaşinqtonun bu kursunu dəstəkləyərək milli maraqların qorunmasına, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə əsaslanan sülhpərvər siyasəti ilə ABŞ-la starteji tərəfdaşlığı inkişaf etdirir.

Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir səhifə açdı. İki ölkə arasındakı münasibətlər demək olar ki, keyfiyyət və miqyas baxımından zirvəyə çatıb. 2026-cı il fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzanlanması iki ölkə arasındakı münasibətləri institusional və sistemli bir müttəfiqlik səviyyəsinə yüksəltməyə ciddi təkan verir. Sənədin məzmunu əsasən, üç fundamental sütun üzərində qurulub: regional bağlantılar, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı. Xartiya çərçivəsində Orta Dəhliz və Cənub Qaz Dəhlizi kimi nəqliyyat və enerji layihələri ABŞ-ın siyasi və iqtisadi zəmanəti ilə gücləndirilir. Eyni zamanda, süni intellekt, rəqəmsal infrastruktur və yarımkeçirici istehsalı kimi sahələrdə Amerika texnologiyalarının Azərbaycana transferi üçün yeni imkanlar yaranacaq.

2025- ci il avqustun 8-də Anlaşma Memorandumunun imzalanmasından sonra, Azərbaycan-ABŞ iqtisadi münasibətləri strateji investisiya və regional əlaqələr üzrə yeni dinamika qazanıb. Azərbaycan və ABŞ arasındakı iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın vacib komponentlərindən birini təşkil edir. 2025-ci ilin 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub. Həmin müddətdə Azərbaycan Birləşmiş Ştatlara 54 milyon 491 min dollarlıq qeyri neft-qaz məhsulları ixrac edib.

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, regional bağlantılar və Orta Dəhliz daxilində ticarət yollarının şaxələndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər davamlı olaraq müzakirə olunur. Həmçinin dövlət və ya rəsmi səfərlər zamanı baş tutan görüşlərdə iqtisadi və ticari əlaqələrin dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional sabitlik və rifahın təşviqi istiqamətində dialoqu davam etdirmək niyyəti ifadə olunur.

Prezident İlham Əliyev iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür edib: “Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar. Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu. Bir sözlə, hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq”.

Prezident Donald Tramp ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun da iştirak etdiyi 31-ci Bakı Enerji Həftəsi münasibətilə dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib ki, bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur. Ağ Evin rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır: “Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir. Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu “Bakı Enerji Həftəsi” münasibətilə bir daha təbriklərimi çatdırıram”.

Bir mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyev Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumla bağlı sosial şəbəkə hesablarındakı paylaşımında Ağ Evin rəhbəri Donald Trampa təşəkkür edib: “Möhtərəm Prezident Donald Tramp, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm”.

ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu mənada Bakıda keçiriləcək ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqu diqqəti xüsusi ilə çəkir. İqtisadi Dialoq çərçivəsində regional bağlantıların, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə edilməsi iki ölkə arasında strateji tərəfdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin gələcəkdə daha da dərinləşməsinə möhkəm zəmin yaradır.

Zahid Rza, “İki sahil”

Seçilən
23
ikisahil.az

1Mənbələr