AZ

Ölkəmiz üçün qorxunc El Nino dalğası

Alimlər ekstremal hava xəbərdarlığı verir

Son günlər Azərbaycanda havanın tez-tez dəyişməsi, yağıntıların qeyri-sabitliyi və temperatur dalğalanmaları baş verir. Havanın qeyri-sabitliyi ölkəmizlə məhdudlaşmır, planetar səviyyədə durum getdikcə kəskinləşir. Bu əsnada Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yaydığı yeni xəbərdarlıqdan belə aydın olur ki, qlobal iqlim gündəmi bu dəfə sadəcə hava proqnozu deyil, bir az daha ciddi mövzudur. Alimlərin son proqnozlarına görə, Sakit okeanda formalaşmaqda olan El Nino hadisəsi yaxın həftələrdə güclənərək onilliklərin ən güclüsü ola bilər. Bəzi modellər hətta onun super El Nino səviyyəsinə çatacağını istisna etmir.

El Nino Sakit okeanda səth sularının normadan artıq isinməsi nəticəsində yaranan təbii iqlim hadisəsidir. Lakin onun təsiri yalnız okeanla məhdudlaşmır, bütün planetə yayılır. Buna qədər tipik El Nino Cənubi Amerikada güclü yağış və daşqınlar, Avstraliya və Cənub-Şərqi Asiyada quraqlıq və meşə yanğınları, Hindistanda zəif mussonlar, ABŞ-nin cənubunda yağıntı artımı ilə seçilib.  Bu dəfə isə vəziyyət fərqlidir. Hadisə artıq rekord istiləşmə fonunda formalaşır. Yəni təbii iqlim dövranı antropogen qlobal istiləşmə ilə üst-üstə düşür. BMT baş katibi Antonio Quterreş bu vəziyyəti belə şərh edib: “El Nino istiləşən dünyanın alovuna əlavə yanacaq tökəcək”. İqlim məlumatları göstərir ki, El Nino dövrləri adətən qlobal temperatur sıçrayışları ilə üst-üstə düşür.

Xüsusilə 1998 və 2015-ci illərdə güclü El Nino hadisələri dünya üzrə rekord istilik illəri ilə müşayiət olunmuşdu. Yeni proqnozlara görə, 2027-ci il tarixdə ən isti illərdən biri ola bilər. Alimlər bunu təkcə El Nino ilə deyil, artıq yığılan uzunmüddətli istilik trendi ilə izah edirlər. Berkeley Earth institutundan iqlimşünas Zeke Hausfather qeyd edir edir ki, bu dəfə El Nino sadəcə mövcud istiliyi artırır. Əsas tendensiya isə artıq insan fəaliyyəti ilə yüksələn qlobal temperaturdur. Tarixi təcrübə göstərir ki, güclü El Nino hadisələri yalnız hava sistemini deyil, iqtisadi tarazlığı da dəyişdirir. Kənd təsərrüfatında məhsul itkisi, qlobal ərzaq qiymətlərində sıçrayış və təchizat zəncirlərində pozulmalar ən çox rast gəlinən nəticələrdir. Analitiklərin qiymətləndirməsinə görə, əvvəlki güclü El Nino dövrləri dünya iqtisadiyyatına yüz milyardlarla dollar zərər vurub. Bu dəfə isə risklər daha yüksək qiymətləndirilir. Çünki qlobal sistem artıq pandemiya sonrası və müharibələr fonunda həssas vəziyyətdədir. Bütün modellərin ortaq cəhəti qeyri-müəyyənlikdir. El Nino hadisələri külək dəyişikliklərinə həssasdır və dəqiq vaxtlama proqnozlaşdırmaq çətindir.

Son günlər Azərbaycanda müşahidə olunan anomal hava şəraiti, qəfil temperatur dəyişmələri və qeyri-sabit yağıntılar qlobal iqlim proseslərinin ölkəmizə təsirsiz ötüşmədiyini aydın göstərir. Sakit okeanda formalaşan və 2026-cı ilin sonuna doğru pik həddə çatması gözlənilən rekord güclü El Nino hadisəsinin, birbaşa okeandan uzaq olsaq da, atmosfer sirkulyasiyası vasitəsilə Azərbaycana da ciddi təsiri var. El Nino qlobal temperaturu yüksəltdiyi üçün Azərbaycanda da fəsillərarası və hətta gün ərzindəki temperatur kontrastları kəskinləşəcək. İsti xəzri və ya cənub küləklərinin müddəti və intensivliyi artacaq. Quraq zonalar olan Kür-Araz ovalığında temperatur normadan xeyli yüksək müşahidə oluna bilər. El Nino illərində Azərbaycanda qış adətən nisbətən yumşaq keçir, lakin atmosferdəki qeyri-sabitlik kəskin soyuq hava kütlələrinin ölkəyə qəfil daxil olması ilə qısamüddətli, lakin anomal şaxtalı günlərə də yol aça bilər. Sakit okeandakı istilik anomaliyası qlobal külək sistemlərini, Xəzər və Qafqaz regionuna təsir edən hava cərəyanlarını dəyişir. Bu isə yağıntıların paylanmasını qeyri-bərabər edir. Yağıntıların ümumi gün sayı azalsa da, düşən yağıntının intensivliyi artır. Yəni bir neçə ayın norması bir neçə saatda yağır. Bu, dağlıq və dağətəyi rayonlarda, Böyük və Kiçik Qafqaz bölgəsində, xüsusən Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara zonalarında daşqın, sel və torpaq sürüşməsi riskini kəskin artırır. Atmosferin alt və üst qatları arasındakı kəskin temperatur fərqi yaz və yay aylarında kənd təsərrüfatına ciddi ziyan vuran dolu hadisələrinin tezliyini artırır. Azərbaycan regional olaraq su qıtlığından əziyyət çəkən ölkələr sırasındadır və El Ninonun gətirdiyi qeyri-sabitlik bu problemi daha da dərinləşdirir. Yaz aylarında havaların qəfil isinib sonra yenidən kəskin soyuması meyvə ağaclarının vaxtından tez çiçəkləməsinə və şaxta vurmasına, quraqlıq isə taxılçılıq və pambıqçılıq kimi strateji sahələrdə məhsul itkisinə səbəb olur. El Nino dövründə Xəzər dənizini qidalandıran əsas çayların, xüsusilə Volqa çayının hövzəsində yağıntı rejiminin dəyişməsi və yüksək temperatur səbəbindən buxarlanmanın artması, artıq kritik həddə olan Xəzər dənizinin səviyyəsinin enməsi prosesini daha da sürətləndirə bilər. Bu isə sahilyanı infrastruktur və ekosistem üçün əlavə təhdiddir. Azərbaycan üçün El Nino sadəcə isti hava demək deyil. Bu, hava proqnozlarının gözlənilməz olması, kənd təsərrüfatı təqviminin pozulması və ekstremal təbiət hadisələrinin - sel, dolu, quraqlığın tez-tez təkrarlanması deməkdir.

Seçilən
7
2
ekologiya.az

10Mənbələr