Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, məcburi köçkün statusunun itirilməsi halları genişləndirilir. Bu barədə APA məlumat yayıb.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişikliyə görə, məcburi köçkünə əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə və ya həmin regionda müəyyən edilmiş ölçüdə yeni yaşayış sahəsi təqdim edildikdə, onun statusu ləğv olunacaq.
Yeniliyə əsasən, vətəndaş dövlət tərəfindən təklif edilən həmin yaşayış yerindən imtina etsə belə, məcburi köçkün statusunu saxlamayacaq və bu statusu itirəcək.
Layihədə yer alan keçid müddəasına görə, qanun qüvvəyə minənədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə əvəzsiz yaşayış sahəsi ilə təmin olunmuş şəxslərin də məcburi köçkün statusu qanunun qüvvəyə mindiyi tarixdən etibarən ləğv ediləcək.
Sənədin izahatında qeyd olunur ki, dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun bərpası kimi qiymətləndirilir və bu səbəbdən məcburi köçkün statusunun davam etməsi üçün hüquqi əsas qalmır.