AZ

Azərbaycanın məhkəmə hakimi dünya siyahısında birinci oldu

Azərbaycan hüquq elmi və məhkəmə sistemi üçün beynəlxalq akademik mühitdə əlamətdar bir ilk yaşanır. Nəsimi Rayon Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Nail Abbasovun elmi araşdırmaları qlobal miqyasda böyük maraq doğuraraq, onu ölkənin hüquqşünas alimləri arasında zirvəyə daşıyıb.

Musavat.com xəbər verir ki, beynəlxalq elmi qiymətləndirmə sistemlərinin ən mötəbər meyarı hesab olunan H-indeks göstəricisinə görə, hakim Nail Abbasov Azərbaycanın hüquq elmi ictimaiyyətində ən yüksək nəticəyə – 11 xalına sahib olub.

Qlobal elm dünyasında alimlərin fəaliyyətini sadəcə yazdıqları məqalələrin sayı ilə deyil, həmin yazıların keyfiyyəti və yaratdığı əks-səda ilə ölçürlər. Bu məqsədlə 2005-ci ildə amerikalı fizik Corge Hirç (Jorge E. Hirsch) tərəfindən irəli sürülən H-indeks sistemi, tədqiqatçının həm məhsuldarlığını, həm də onun əsərlərinə olan tələbatı tərəziyə qoyur. Riyazi dildə ifadə etsək, bir alimin H-indeksinin 11 olması o deməkdir ki, onun ən azı 11 elmi məqaləsinin hər birinə dünya miqyasında minimum 11 dəfə elmi istinad edilib.

Sosial və humanitar elmlər, xüsusilə də lokal qanunvericiliyə əsaslanan hüquq sahəsi üçün bu rəqəm kifayət qədər ciddi və çətin əldə olunan bir uğurdur. Çünki bu, Nail Abbasovun yazılarının sadəcə kitab rəflərində qalmadığını, qlobal intellektual dövriyyəyə daxil olduğunu sübut edir. Nail Abbasovun əldə etdiyi bu uğurun ən diqqətçəkən tərəfi isə sözügedən istinadların coğrafiyasıdır. Hakimin elmi əsərlərinə edilən müraciətlərin əhəmiyyətli bir hissəsi xarici ölkələrin alimləri və beyin mərkəzləri tərəfindən reallaşdırılıb. Müasir hüququn ən aktual problemləri, məhkəmə təcrübəsinin təhlili, insan hüquqlarının müdafiəsi və qlobal hüquqi tənzimləmələr barədə yazılan bu tezislər beynəlxalq elmi bazalarda (Scopus, Web of Science və s.) indekslənən nüfuzlu jurnallarda işıq üzü görüb. Xarici tədqiqatçıların Azərbaycan hakiminin analizlərinə istinad etməsi, bütövlükdə Azərbaycan hüquq elmi məktəbinin beynəlxalq akademik mühitdə tanınması və qəbul edilməsi deməkdir. Nail Abbasov 2023-cü ildən Nəsimi Rayon Məhkəməsinin hakimi olaraq fəaliyyətdədir. Onun hakim olaraq məhkəmə zallarında qanunun aliliyini təmin etməsi, eyni zamanda qlobal elmi arenada Azərbaycanı təmsil etməsi ölkədə yeni nəsil hüquqşünas profilinin formalaşdığını göstərir. Praktikada bir hakimin elmi araşdırmalara bu dərəcədə vaxt ayırması və beynəlxalq trendləri yaxından izləməsi, onun çıxardığı qərarların keyfiyyətinə, ədalət prinsiplərinə və beynəlxalq konvensiyalara yanaşmasına da birbaşa müsbət təsir göstərir. Azərbaycanlı hakimin bu qlobal uğuru həm yerli elmi ictimaiyyət, həm də gənc hüquqşünaslar üçün bir yol xəritəsi rolunu oynaya bilər. Qanun sadəcə lokal tətbiq aləti deyil, həm də bəşəri elmin bir parçasıdır.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr