AZ

Yeni səfir Bakıya hansı tapşırıqlarla gəlir? – Trampın planının pərdəarxası

“ABŞ-ın bundan əvvəlki administrasiyasının dövründə sıfıra düşmüş münasibətləri bərpa etmək, hətta strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq böyük siyasi cəsarət və məharət tələb edirdi. Hər iki prezident bunu bacardı. Yeni səfirin təyin edilməsi də bu münasibətləri daha da irəlilətməyə kömək edəcək. Azərbaycan və ABŞ arasında yeni perspektivlər açılır”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında siyasi icmalçı, Əməkdar jurnalist Bahəddin Həzi bildirib.

O qeyd edib ki, Azərbaycan və ABŞ arasında son təmaslar, baş verən hadisələr, təbii ki, müsbət dinamikadır.

B.Həzinin fikrincə, bunlar Bakı-Vaşinqton əlaqələrinin bərpası üçün mühüm addımlardır, lakin rəsmi Bakının əsas gözləntisi 1992-ci ildə qəbul olunan “Azadlığı müdafiə aktı”na məlum 907-ci düzəlişin bütövlükdə ləğv edilməsidir. Siyasi icmalçı vurğulayıb ki, hazırda hər iki dövlət üçün həll edilməsi vacib olan ən fundamental məsələ budur:

“Doğrudur, Prezident Donald Tramp öz səlahiyyəti çərçivəsində bu düzəlişin icrasının dayandırılması qərarının müddətini uzadıb. Ancaq Azərbaycanın gözləntisi budur ki, düzəliş bütövlükdə ləğv olunsun. Bu, Azərbaycana qarşı sanksiyadır. Necə ola bilər ki, iki dövlət strateji tərəfdaş olsun, həm də bir-birinə sanksiya tətbiq etsin?! Bu, strateji tərəfdaşlığın fəlsəfəsinə, məqsəd və hədəflərinə ziddir. Nəzərə alaq ki, qarşıda ABŞ Konqresinə yeni seçkilər olacaq, Nümayəndələr Palatasında və Senatda qüvvələr nisbətinin necə olacağını indidən demək çətin rəqəmdir. Respublikaçı deputatların, senatorların sayı və Prezident Trampın Konqresdən olan dəstəyi imkan verirdi ki, bu düzəlişin ləğvi ilə bağlı layihə keçirilsin. Təəssüf ki, bu cür fürsətlər qaçırılır”.

B.Həzinin qənaətinə görə, ABŞ-nin Azərbaycana göndərəcəyi yeni səfirin əsas işi Vaşinqtonun bölgədəki fundamental maraqları yönündə işləmək olacaq:

“O cümlədən, bölgədə sülhün təsisi, bağlantılar məsələsi və sair bura daxildir. Yeni səfirin qarşısında, həmçinin 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi razılaşmaların icrasına yönəlik vəzifələr və tapşırıqlar olacaq”.

Azərbaycan-ABŞ yaxınlaşmasına Moskva və Tehranın mümkün reaksiyasına gəlincə, ekspert Bakı müstəqil siyasət yürüdür və öz maraqlarını əsas tutur:

“Baş verən proseslərdən Rusiya və İran, təbii ki, məmnun olmaya bilər. Ancaq Azərbaycan xarici siyasətini öz maraqlarına uyğun olaraq müstəqil formalaşdırır. Həm də bu, başqalarına qarşı yönəlmiş siyasət deyil. Rusiya və İran hazırda xeyli zəiflədilib, onların bölgəyə təsir imkanları azalıb. Bununla belə, bölgə uğrunda geosiyasi mübarizə davam edəcək, buna şübhə yoxdur. Azərbaycan diplomatiyası qarşısında duran əsas çağırış bu qarşıdurmanın episentrinə düşməməkdir. Əminəm ki, Azərbaycan bunu bacaracaq”.

Qeyd edək ki, son günlər ABŞ və Azərbaycan arasında diplomatik əlaqələr mühüm hadisələrlə diqqət çəkir. Mayın 26-da ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə məktub göndərərək Azərbaycanın Müstəqillik Gününü təbrik edib. Bunun ardınca, mayın 31-də ABŞ liderinin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin iştirakçılarına müraciəti yayımlanıb. Eyni zamanda, ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orr Bakıya səfər edib. Bakı-Vaşinqton xəttində diqqəti cəlb edən mühüm hadisələrdən bir də D.Trampın ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürməsidir. Bu posta Aleksandr Olden namizəd göstərilib.

Analitiklər ard-arda atılan bu addımları iki ölkə arasında münasibətlərin uzunmüddətli fasilədən sonra yeni bir mərhələyə qədəm qoyması kimi qiymətləndirirlər.

Seçilən
1
2
konkret.az

3Mənbələr