AZ

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Qahirə, 3 iyun, AZƏRTAC

İranın Küveytdəki müvəqqəti işlər vəkilinə rəsmi etiraz notası təqdim olunub. Küveyt tərəfi İran səfirliyinin ölkədəki əməkdaşlarının sayının azaldılması barədə qərar qəbul edib.

AZƏRTAC Küveyt Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, xarici işlər nazirinin müavini Həməd əl-Maşaan İranın Küveytdəki səfirliyinin müvəqqəti işlər vəkili Hamid Həmid Yəqubifərə rəsmi etiraz notasını təqdim edib. Bundan başqa, diplomatik missiyanın iki əməkdaşı “arzuolunmaz şəxs” elan olunub və onların 24 saat ərzində Küveyt ərazisini tərk etmələri tələb edilib.

Bəyanatda qeyd olunub ki, qərar İran tərəfindən həyata keçirildiyi bildirilən raket və pilotsuz uçuş aparatları hücumlarının davam etməsi fonunda qəbul edilib. Məlumata görə, son hücumlar bu gün səhər saatlarında yenidən baş verib və bir sıra mülki obyektləri, o cümlədən Küveyt Beynəlxalq Hava Limanını hədəfə alıb. Hadisə nəticəsində bir nəfərin həlak olduğu, onlarla insanın yaralandığı, eləcə də mühüm infrastruktur obyektlərinə və diplomatik nümayəndəliklərə ziyan dəydiyi bildirilib.

Küveyt tərəfi baş verənləri ölkənin suverenliyinin, ərazi bütövlüyünün, həmçinin beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Xarici İşlər Nazirliyi Küveytin öz ərazisindən və hava məkanından hər hansı dövlətə qarşı düşmənçilik məqsədilə istifadəsinə qəti şəkildə yol vermədiyini vurğulayıb. Eyni zamanda, İranın bu məsələlərlə bağlı irəli sürdüyü iddiaların əsassız olduğu bildirilib.

Bəyanatda, həmçinin Küveytin beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək, suverenliyini, təhlükəsizliyini, hava məkanını, ərazisini, vətəndaşlarını və ölkədə yaşayan əcnəbiləri qorumaq üçün zəruri tədbirlər görmək hüququna malik olduğu qeyd edilib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
21
2
azertag.az

3Mənbələr