Avropa İttifaqı (Aİ) qurumları bəzi nağd ödənişlərin məhdudlaşdırılmasını və kriptovalyuta əməliyyatlarının ciddi şəkildə monitorinqini əhatə edən yeni qaydalar barədə razılığa gəliblər.
KONKRET.az bildirir ki, Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlar nəticəsində maliyyə sistemində çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsinin qarşısını almaq üçün sərt qaydalar gətirəcək yeni tənzimləmə paketi üzrə razılığın əldə edildiyini açıqlayıb.
Belə ki, ittifaq ölkələrində böyük məbləğdə nağd ödənişlər qadağan ediləcək. 10 min avronu keçən nağd ödənişlər isə ümumiyyətlə mümkün olmayacaq.
Banklar, daşınmaz əmlak agentlikləri, aktivlərin idarə olunması xidmətləri, kazinolar, tacirlər, zərgərlər və kriptovalyuta xidmətləri təminatçıları kimi müxtəlif öhdəlikli qurumlardan 3 min – 10 min avro aralığında nağd pul əməliyyatları edən insanları müəyyənləşdirmək, yoxlamaq və hesabat vermək tələb olunacaq.
Hazırda Aİ-nin nağd ödənişlərə heç bir məhdudiyyəti yoxdur. Bununla belə, bir çox üzv dövlətlər öz limitlərini müəyyən edirlər.
Nağd ödənişlər Fransada 1000 avroya, İtaliya, Belçika və Portuqaliyada 3 min avroya, Polşada 15 min avroya qədər edilə bilər. Bu limitlərdən yuxarı ödənişlər üçün bank sistemindən istifadə edilməlidir. Almaniyada isə nağd ödəniş üçün heç bir məhdudiyyət yoxdur, lakin 10 min avrodan yuxarı ödənişlər üçün şəxsiyyət vəsiqəsi göstərmək lazımdır.
Ayan,
KONKRET.az