Ağsu Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Vahid Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 15 iyul 2023-cü il tarixdə Ağsu rayonu, Kalva kəndində yerləşən fermada qeydə alınıb.
Belə ki, Vahid Quliyev qaynaq işləri ilə məşğul olan zaman fermanın həyətindəki tövlənin divarında dəmir qapı quraşdırdıqdan sonra özünə məxsus izolyasiya örtüyü zədələnmiş (pozulmuş) elektrik xəttini ayırmayıb. Buna görə ehtiyatsızlıqdan həmin gün saat 19 radələrində sözügedən fermada ailəsi ilə birlikdə yaşayan Ağsu sakini, 2019-cu il təvəllüdlü Telman Əvəzxan oğlu Zülfüqarovu elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı uşaq dünyasını dəyişib.
Hadisədən sonra usta Vahid Quliyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov