AZ

İlham Əliyev qüdrəti: Yüzilliklərin planlarını pozan 20 ilin yekunu və yeni üfüqlər -RƏY

İlham

Bakı, 11 oktyabr, AZƏRTAC

XXI əsrin görkəmli dövlət və siyasi xadimi, qədim və zəngin dövlətçilik tariximizin ən böyük strateqi, Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin 20 ili tamam olur. Keçilən yola düzgün qiymət verməkdən ötrü başlıca sual olan 1988-ci ildən etibarən Ermənistanın əsassız ərazi iddialarının başladığı vaxtdan bəri Azərbaycan xalqının və hakimiyyətlərinin qarşısında dayanan başlıca vəzifələrin nədən ibarət olduğuna cavab axtarmaqdır. Əsas vəzifə tarixi torpaqlarından, dədə-baba yurdlarından vəhşicəsinə qovulan azərbaycanlıların problemlərini həll etmək, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsini dayandırmaq, dövlət müstəqilliyi bərpa edildikdən sonra isə dövləti qurmaq və hərbi təcavüz nəticəsində işğal olunmuş torpaqları azad, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmək idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı deyib.

Deputat 1988-1993-cü illərdə bir-birini əvəzləyən bacarıqsız hakimiyyətlərin Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsini və hərbi təcavüzünü dayandıra bilmədiklərini, ərazilərin işğal olunduğunu, qaçqın və məcburi köçkünlər ordusunun yarandığını söyləyib. Bildirib ki, baş verənlər nəticəsində ölkə daha da geri getdi və ümumi böhran yarandı:

“Azərbaycan dövlət müstəqilliyini itirmək, xaricdən dəstəklənən separatçılıqla parçalanmaq təhlükəsi qarşısında dayandığı ağır bir şəraitdə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev təkcə dövləti dağılmaqdan, ölkəni separatçılıqla bölünməkdən xilas etmədi, eyni zamanda Ermənistanın hərbi təcavüzünü dayandırmaq və işğal edilmiş əraziləri azad etmək üçün müəyyənləşdirdiyi strategiyasını mərhələ-mərhələ həyata keçirməyə başladı. 1994-cü ilin may ayında atəşkəsə gedərkən Heydər Əliyevin başlıca məqsədi ordu qurmaq, bərbad halda olan ölkənin inkişafının açarını tapmaq, fəal xarici siyasət yürüdərək tərəfdaşlar qazanmaq və əraziləri işğaldan qurtarmaq üçün etibarlı zəmin hazırlamaq idi. Ölkənin inkişafının açarını tapan Heydər Əliyev 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycan tarixində ilk dəfə olaraq təbii sərvəti – nefti milli sərvətə çevirdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Böyük İpək yolunun, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və digər layihələrin təməli qoyuldu.

Millət qarşısında Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri özünün başa çatdıra bilmədiyi işləri həyata keçirmək, ən başlıcası, işğal altında qalan torpaqları azad etmək zəkasında, qüdrətində və qətiyyətində olan davamçısını – İlham Əliyevi yetişdirmək oldu”.

Musa Qasımlı 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Prezident seçilməsindən sonra ərazilərin düşmən işğalından azad edilməsinə hazırlığın növbəti mərhələsinin başlandığını vurğulayıb:

“Prezident ikitərəfli və beynəlxalq görüşlərdə qəti şəkildə bəyan etdi ki, Azərbaycan xalqı və dövləti ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək və istənilən vasitələrlə onu azad edəcəkdir. Güclü iqtisadiyyat yaradıldı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Böyük İpək yolunun və Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi Azərbaycan dövlətinin dünya siyasətində yerini möhkəmləndirdi və rolunu artırdı.

Müdafiə sənayesi yaradıldı. Qüdrətli ordu quruldu. 2016-cı ilin aprel döyüşləri nəticəsində ərazilərinin bir hissəsini azad etməklə Azərbaycan dövləti işğalla qətiyyən barışmayacağını düşmənə və dünyaya göstərdi. Aprel döyüşləri 2020-ci ildəki zəfərin Baş Məşqi oldu.

Aktiv diplomatik fəaliyyət yürüdüldü. Məqsədə çatmaqdan ötrü Prezident İlham Əliyev “yumşaq güc”dən məharətlə istifadə etdi.

2020-ci il 27 sentyabr-10 noyabrda 44 günlük Vətən müharibəsində təcavüzkar ölkə əzildi, torpaqlar işğaldan azad edildi və ərazi bütövlüyü bərpa olundu. Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanat Ermənistanın danışıqsız təslimolma aktı idi. Prezident İlham Əliyev 1920-ci ilin əvvəllərindən etibarən süni şəkildə siyasi leksikona daxil edilmiş “Dağlıq Qarabağ” ifadəsi tarixin zibilliyinə atdı. Bu, 100 ilin kobud səhvinin Prezident tərəfindən qətiyyətlə düzəldilməsi və tarixi zəfəridir”.

Vətən Müharibəsinin Prezident İlham Əliyevin mahir hərbi strateq, komandan olduğunu göstərdiyini söyləyən tarixçi siyasi, diplomatik və informasiya savaşının da tək komandanının Azərbaycan lideri olduğunu vurğulayıb.

“Ermənistan məğlub olmasına baxmayaraq, üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmədi, silahlı qruplaşmalarını və terrorçu dəstələrini Azərbaycanın ərazilərindən çıxarmadı.

2021-ci il iyulun 7-də Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması haqqında fərman imzalamaqla tarixi ədaləti bərpa edərək siyasi leksikona Zəngəzur ifadəsini daxil etdi. Bu, sadəcə Şərqi Zəngəzur adlı iqtisadi rayonun yaradılması məsələsi deyildi. Bilindiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti zamanı qəzalardan biri Zəngəzur adlanırdı. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması o demək idi ki, Qərbi Zəngəzur da vardır və bu, tarixi Azərbaycan torpağıdır.

2023-cü il 23 apreldə Laçında Həkəri çayının üstündəki körpüdə sərhəddə nəzarət-keçid məntəqəsinin qurulması ilə Azərbaycan Respublikası 1991-ci ildən sonra ilk dəfə olaraq dövlət sərhədlərinə nəzarəti həyata keçirməyə başladı. Bu, Prezident İlham Əliyevin misli görünməmiş tarixi qələbəsi idi. Məntəqənin qurulması Şuşa şəhərinin və digər ərazilərin düşmən işğalından azad edilməsi qədər strateji əhəmiyyət daşıyırdı.

Azərbaycan rəhbərinin Ermənistana müraciət edərək silahlı qüvvələrini və terrorçu dəstələrini çıxarmağa, bütün məsələləri dinc, danışıqlar yolu ilə həll etməyə dair çağırışları cavabsız qaldı. Ermənistan yenə də kənar qüvvələrin təsiri altında Azərbaycana qarşı böhtan, qarayaxma kampaniyasına başladı və “humanitar yardım” adı altında sərhəddə təxribat törətməyə cəhd etdi.

Təcavüzkar Ermənistanın işğal nəticəsində qurduğu separatçı, terrorçu rejim Azərbaycan dövlətinin 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirdiyi 23 saat 43 dəqiqə sürən lokal xarakterli antiterror tədbirlərindən sonra şərtləri qəbul etdi, ağ bayraq qaldıraraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ayaqları altında diz çökdü. Terrorçu qrupların və separatçıların təslim olması ilə Azərbaycan dövləti bütün ərazilərində suveren hüquqlarını bərpa etdi. Bu, qələbənin memarı olan İlham Əliyevin 1988-ci ildən bəri Azərbaycan xalqının qarşısında dayanan vəzifəni inanılmaz məharətlə həll etməsi və möhtəşəm tarixi zəfəri idi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində düşmənin ərazilərimizdən qovulması, bir müddət sonra sərhəddə Laçın rayonunda Həkəri çayının üstündəki körpüdə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bütün sərhədlərimiz üzərində nəzarətin əldə edilməsi, lokal xarakterli antiterror tədbirlərindən sonra separatçı rejimin dövlətimizin şərtlərini qəbul edərək ağ bayraq qaldırması nəticəsində bütün ərazilərimizdə suverenliyimizin tam bərpa olunması, separatçıların həbs olunması böyük tarixi əhəmiyyət daşıyır.

İşğalçı ölkə əzildi, dünya erməniliyinin və havadarlarının XVIII əsrdən etibarən qurduqları planlar darmadağın edildi və millətimizin arzuları, xəyalları gerçəkləşdi. “Dənizdən dənizə Ermənistan”, “Böyük Ermənistan” xəyalları dağıdıldı. Bu qələbə Ermənistanı müdafiə edən dövlətlər, təşkilatlar, lobbi qrupları üzərində tarixi zəfərdir. Prezident İlham Əliyev orta əsrlərdə hakim olan səlibçi psixologiyanı, islamafobiya planlarını yeni şəraitdə darmadağın edərək yenilməz, onların hamısından güclü, mahir strateq və üstün zəka sahibi olduğunu sübut etdi. Yüzilliklər boyu türk dünyasına qarşı quraşdırılan kirli oyunları Prezident İlham Əliyev pozaraq türk xalqlarına yol göstərdi, onların başını uca etdi. Prezident zəkası, qətiyyəti, cəsarəti və yenilməz iradəsi ilə dünyaya Möhtəşəm Azərbaycanlı Obrazı təqdim etdi. Bütün təzyiqləri rədd edən Prezident İlham Əliyev özünün dediyi kimi, heç bir yarımçıq qərarın qəbuluna tərəfdar olmadı, millətin və dövlətin inkişafına mane olan əngəli əzdi, əsrin səhvini düzəldərək Azərbaycan ərazisində basdırılmış bombanı əbədi olaraq zərərsizləşdirdi, çibanı kökündən kəsib atdı, zəmanəmizin ən böyük strateqi, diplomatı, mahir sərkərdəsi, informasiya savaşının qalibi olduğunu göstərdi”, - deyə Musa Qasımlı bildirib.

Tarixçi deputat vurğulayıb ki, bu gün Xocalı soyqırımı qurbanlarının, Vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərin, həyatlarını itirmiş günahsız mülki insanların ruhları şaddır:

“Onların qanı hədər getmədi, arzuları gerçəkləşib, dövlət bayrağımız ərazilərimizdə dalğalanır.

Beləliklə, 2003-2023-cü illərdə keçilən yolun başlıca yekunu 1988-ci ildən bəri Azərbaycan xalqının arzularının, başlıca məqsədinin - güclü Azərbaycan dövlətinin yaradılmasının, ərazilərin işğaldan azad edilməsinin, dövlət sərhədləri üzərində tam nəzarətin qurulmasının, ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərqərar olmasının yerinə yetirilməsidir.

Bütün bunlar Prezident İlham Əliyevin yaratdığı qalib millətimizin və tarixində ən güclü dövrünü yaşayan dövlətimizin qarşısında yeni üfüqlər açır. Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra Azərbaycan xalqı qalib xalq kimi yaşayacaq”.

Seçilən
797
3
azertag.az

10Mənbələr