Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Ağdam təmsilçisində işə başladığı vaxtı xatırlayıb:
“Baş məşqçi təyin olunanda klubun prezidenti Abdolbari Gozal mənə dedi ki, Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm. Bu, mənim üçün böyük motivasiya idi. İlk ildə çempion ola bilməsək də, Azərbaycan Kubokunu qazandıq. UEFA Kubokunda pley-off mərhələsinə qədər irəlilədik. Bu, həmin dövr üçün böyük uğur idi”.
Qurbanov Xankəndi şəhər stadionunda MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışıb. O, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın matça baxdıqlarını deyib: “Şəhid övladları da orada idilər. Unudulmaz gün oldu. Ağdamda stadion tikiləcək və komandamız sonda ora qayıdacaq”.
Qurban Qurbanov bildirib ki, Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandası ilə oyunlarda qazandıqları uğurdan sonra Azərbaycan Prezidenti İlham Əliyev zəng edərək onları təbrik edib:
“Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi”.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu iki oyunun nəticəsinə görə üstələyib. Səfərdə rəqibinə qalib gələn (4:2) Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Azərbaycan çempionu bu turnirin 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandası ilə üz-üzə gələcək.