Məzahir Məmmədli: “Bir məktəbin neçə şəhid verdiyi, vətən üçün, millət üçün hansı işlər gördüyü də nəzərə alınmalıdır”
Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində məktəblərin, təhsil müəssisələrinin üzərinə böyük missiyanın düşdüyü birmənalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev andiçmə məraisimindəki çıxışında da bu məsələyə xüsusi diqqət yetirmiş, ailə ilə yanaşı, məktəb faktorunun da önəminə toxunmuşdu.
Bəs məktəblər bu məsələdə üzərlərinə düşən işin öhdəsindən lazımınca gələ bilirmi?
Moderator.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli məktəblərə yanaşma meyarı ilə bağlı bəzi problemlərin mövcud olduğunu vurğulayıb:
“Həqiqətən də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində məktəblərin üzərinə böyük məsuliyyət düşür. Bu gün bizim məktəblərimizdə vətənpərvərlik ruhunda tərbiyə almaq üçün kifayət qədər məzmunlu, əhatəli tədris proqramı var. Amma görək bundan bütün müəllimlər lazımi şəkildə yararlana bilirmi? Məktəblər bu proqramı tam mənada həyata keçirməyi bacarırmı?
Düşünürəm ki, əgər məktəblər təsdiq olunmuş proqramı doğru-dürüst yerinə yetirə bilsələr, gənclərimiz yüksək vətənpərvərlik ruhunda yetişər. Amma təəssüflər olsun ki, bəzən məktəblərin qiymətləndirmə meyarı yalnız yüksək bal toplayan şagirdlərin sayı ilə ölçülür. Ancaq elə məktəblər də ola bilər ki, orada tədris balı o qədər də yüksək deyil. Amma vətənpərvərlik ruhu baxımından digər məktəblərdən daha üstündür. Orada daha vətənpərvər şəxsiyyətlər yetişdirilir.
Meyarlar fərqli ölçülür deyə, biz ancaq şagirdləri yüksək bal toplayan məktəblərə nəzər salırıq. Bir məktəbin neçə şəhid verdiyini, vətən üçün, millət üçün hansı işlər gördüyünü nəzərə almırıq. Meyarlar dəyişməyənə qədər məktəblərin və şagirdlərin imkanlarının qiymətləndirlməsi məsləsində də problemlər olacaq.
Ancaq ümumilikdə, qeyd etməliyik ki, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsində müəllimlərimizin xüsusi rolu var və ümid edirəm ki, bu rol yaxın gələcəkdə daha da artacaq”.
Seymur ƏLİYEV