AZ

Düşmənçilik tarixinin 100 ili...

Fransanın işğalçı siyasətinin Almaniya “səhifəsi”

Berlinə təhqir yağdıran Makron Ruru işğal edən sələflərinin yolunu getmək istəyir?

Belə bir deyim var: Siyasətdə əbədi düşmən olmadığı kimi, əbədi dostluq da mümkün deyil - siyasətdə əbədi maraqlar var. Bu tezis xüsusilə Qərb siyasi mühiti üçün spesifikdir. Məsələn, uzun illərdir ki, avrosentrist “maraqlara” öncüllük uğrunda gedən savaş bunun bariz nümunəsidir. Müəyyən bir dönəm özünü Almaniyaya dost göstərən Fransa özünün korportaiv maraqlarını ümumi maraqlardan daha yüksək tutduğunu bir daha ortaya qoyur - cəmisi 2 il əvvəl “əlaqələrin daha da gücləndirilməsindən” dəm vuran Makron bu gün Berlini potensial düşmən elan edir. Səbəb isə... Səbəb çoxdur. Bu səbəblər sırasında ilk yeri “mənzərə olaraq” “Ukraynaya yardım” məsələsi görüntüsü yaradılsa da, məsələnin kökü daha dərindədir. Makronun Praqaya səfəri zamanı irəli sürdüyü “Ukraynaya qoşun yeritmək” ideyası xüsusilə Almaniyanı narahat edib. Fransa lideri Almaniyanın etirazına “Avropa qorxaq olmamağın lazım olduğu bir anla üz-üzədir” deyə cavab verib. Bu cavab isə Berlində “təhqir” kimi qəbul edilib. Almaniyanın müdafiə naziri Boris Pistorius Makrona verdiyi cavabda “Bizim cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur” deyib.

Narahatlığın əsl səbəbi...

Hazırda Avropanın iki aparıcı dövləti sayılan Fransa ilə Almaniya arasındakı münasibətlər avrosentristlərin gələcək perspektivi baxımından əsaslı rol oynayır. Angela Merkelin siyasi səhnədən gedişi ilə boşalan “Avropa taxtı” uğrunda mübarizədə önə çıxmaq üçün fürsət axtaran Makron “Ukrayna” kartı üzərindən özünün gizli planlarının arxasınca düşüb. Ukraynaya hansı ölkənin “daha çox yardım etməsi” barədə mübahisənin də kökü buradan qaynaqlanır. Makron populist “qoşun yeritmə” bəyanatları verir, Şolts isə daha ehtiyatlı mövqe tutmağı dəyərləndirir. Əsl həqiqət isə odur ki, Almaniya Ukraynaya Fransadan qat-qat çox maliyyə və hərbi yardım göstərsə də, Rusiya ilə birbaşa qarşıdurmada ehtiyatlı davranır. Bu səbəbdən Ukraynaya Rusiyanın dərinliklərinə enə bilən uzaqmənzilli raketlər verməkdən imtina edir.

Fransadan fərqli olaraq, nüvə dövləti olmayan Almaniyada əksəriyyət Fransa liderinin Almaniyanın müharibə ilə bağlı tarixi həssaslığına və strateji zəifliyinə məhəl qoymadığı qənaətindədir.

Almaniyalı analitik Ulrix Spek Makronun Ukrayna bəyanatlarını belə dəyərləndirib: “Makronun təcililik hissi yaratmaq səyi müsbət qarşılanır, lakin bu konkret deyil və hərəkətə keçmir. Avropanın Ukrayna böhranını həll etmək üçün heç bir fövqəladə planını görmürük”.

Britaniyanın “Times” qəzeti Avropa İttifaqının ən böyük və yeganə nüvə hərbi gücü olan Fransanın özünü “anti-Rusiya şahini” kimi rebrendinq etdiyini, lakin bu vəziyyətin Almaniyanı narahat etdiyini yazıb.

Parisin Almaniyanı məhv etmək planı...

Bu kimi sarkazmların, ikitərəfli çəkişmələrin isə tarixi kökləri var. Bu kökü II Dünya müharibəsində axtaranlar bir az səhv edir. Çünki Almaniyanın XX əsrin ortalarında 6 illik “dünya müharibəsi”ndən öncə Fransanın bu dövlətə qarşı açıq təcavüzü baş vermişdi. Məşhur “Rur münaqişəsi” yəqin ki, unudulmayıb. Birinci Dünya müharibəsinin bitməsindən sonra Almaniyanın ödəməli olduğu təzminatı ödəməməsindən sonra Fransa-Belçika qoşunlarının Almaniyanın Rur bölgəsinə qoşun göndərməsi nəticəsində yaranan münaqişədən gedir söhbət.

Belə ki, 1919-cu il Versal müqaviləsi Veymar Respublikasının (1919-1933-cü illər arasında Almaniya Respublikasının adı) üzərinə Birinci Dünya Müharibəsində qalib gələn ölkələrə təzminat ödəmək kimi bir öhdəlik qoydu. Həmin dövrün gücsüz Almaniyası bunun üçün zaman istəsə də, Fransa prezidenti Raymon Puankare müqavilənin müddəalarının güzəştsiz həyata keçirilməsində təkid edirdi. Çatdırılmalarda və ya ödənişlərdə gecikmələr olduqda, Fransız qoşunları bir neçə dəfə Almaniya Respublikasının işğal olunmamış ərazilərinə daxil olmuşdular. 103 il öncə, 1921-ci ilin 8 martında Fransa və Belçika qoşunları Reynland demilitarizasiya zonasında yerləşən Duysburq və Düsseldorf şəhərlərini işğal etdilər və bununla da Reynland-Vestfaliyadakı bütün sənaye bölgəsinin sonrakı işğalı üçün tramplini təmin etmiş oldular. Fransa Duysburq limanlarına nəzarət edə və Rur ərazisindən kömür, polad və hazır məhsulların ümumi ixracı haqqında dəqiq məlumat əldə edə bilirdi. 5 may 1921-ci il tarixli London Ultimatumu ilə Almaniya üçün 132 milyard qızıl marka məbləğində təzminatların ödənilməsi cədvəli müəyyən edildi - imtina edildiyi təqdirdə...

Fransa Almaniya ərazisini işğal etdi...

1922-ci ildə Veymar Respublikasında iqtisadi vəziyyətin pisləşməsini nəzərə alaraq, müttəfiqlər nağd təzminatlardan imtina etdilər - 1923-cü il yanvarın 9-da Veymar Respublikasının tədarükləri qəsdən gecikdirdiyini bəhanə edən Fransa fürsəti qaçırmayaraq Almaniyanın Rur bölgəsinə qoşun yeritdi. 11-16 yanvar 1923-cü il tarixləri arasında ilkin olaraq sayı 60.000-ə (sonradan 100.000-ə qədər) qədər olan Fransa qoşunları Almaniyanın təzminat öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün buradakı kömür və koks istehsalı müəssisələrini “istehsal təminatı” olaraq ələ keçirdi. Rur bölgəsinin bütün ərazisi işğal edildi. İşğal nəticəsində Almaniyanın müharibədən sonrakı ərazisinin təqribən 7 faizi Fransanın nəzarətinə keçdi. Fransa rəhbərliyi tez bir zamanda bu əraziləri özününküləşdirmək uğrunda siyasi addımlar atmağa başladılar. Fransanın baş naziri, həm də xarici işlər naziri olan Raymond Puankare Reynland və Rur bölgəsinin Saar bölgəsinin statusuna bənzər bir statusa sahib etməklə Fransaya qatmaq istəyirdi.

Adenauer “tənzimləməsi”...

Amma işlər heç də Fransanın imperialist arzuları ilə “səsləşmədi”. Veymar Respublikasının Reyxkansleri Vilhelm Kuno başda olmaqla hökumət əhalini “passiv müqavimətə” çağırdı. Təzminatların ödənilməsi dayandırıldı, sənaye, idarəetmə və nəqliyyat ümumi tətilə məruz qaldı. Bəzi müəssisə və idarələr işğalçıların əmrlərinə tabe olmaqdan imtina etdilər. Fransa buna cavab olaraq 150 minlik əlavə cərimə tətbiq etdi. Yerli xalq işğalçı qoşunlara qarşı müqavimət göstərməyə başladı və nəticədə 137 nəfər işğalçı öldürüldü. Fransa isə əlinə keçən siyasi aktivləri edam edir, xalqın gözünü qorxutmağa çalışırdı. 26 sentyabr 1923-cü ildə yeni Reyxkansler Qustav Ştreseman passiv müqavimətin başa çatdığını elan etmək məcburiyyətində qaldı. Rur münaqişəsi nəticəsində iqtisadiyyata dəyən ümumi zərər müxtəlif mənbələrə görə 4-5 milyard qızıl markası təşkil etmişdi. ABŞ və Böyük Britaniyanın təzyiqi ilə Fransa 1923-1924-cü illərdə MICUM sazişini  - Rur fabrikləri və mədənləri üçün Müttəfiq Nəzarət Komissiyası) imzaladı. 1924-cü ildə qəbul edilmiş Daues planına uyğun olaraq, Rur bölgəsinin işğalı 1925-ci ilin iyul-avqust aylarında başa çatdı.

İki ölkə arasındakı münasibətlərin normallaşması isə II Dünya Müharibəsindən sonraya, Konrad Adenauerin kanslerliyi dövrünə təsadüf etdi. Beləliklə, Fransanın işğalçı siyasətinin Avropa üçün də zaman-zaman mənfi tendensiyalar yaratması faktı Almaniyadan yan ötməyib. İki ölkənin düşmənçilik tarixi isə əməkdaşlıq tarixindən daha “QƏDİMDİR”...

P.İSMAYILOV

Seçilən
430
50
yeniazerbaycan.com

10Mənbələr