AZ

Qüdrət Həsənquliyev: Onlar da kiçik "paşinyan"lardır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “BayMedia”ya müsahibə verib.

Publika.az həmin müsahibəni oxuculara təqdim edir.

- Qüdrət bəy, Osmanqızı tv, ardınca “Azadlıq” radiosu sizi tənqid edir ki, siz Ermənistanın növbəti təxribatlarından biri zamanı Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzur dəhlizini nəzarətə götürməsini, sonra Naxçıvana maneəsiz yolun açılması şərti ilə Rusiyanın nəzarətinə verilməsini deməklə hökumətin və Rusiyanın maraqlarına cavab verən açıqlamalar verirsiniz. Bu barədə nə deyərdiniz?

- Onlar kimdirlər? Hər ikisi ABŞ-da yerləşən və ABŞ tərəfindən maliyyələşən, həmin dövlətin maraqlarını müdafiə edən təbliğatçılar. Bəlkə də daxildə azərbaycanlı olduqları üçün bu cür fəaliyyətlərinə görə əzab çəkirlər. ABŞ-ın mövqeyi, Qarabağ məsələsinə yanaşması necə olub? Elçibəy dövründə bizə sanksiya tətbiq edib, Qarabağdakı seperatçı rejimə maliyyə yardımı ayırıblar. ABŞ və müttəfiqləri 20 % torpaqlarımızı işğal edən, bir milyon insanı ev-eşiyindən didərgin salıb evlərini yerlə yeksan edən Ermənistanı işğalçı dövlət kimi tanımadılar, Xocalı qətliamına soyqırım demədilər. Heç vaxt demədilər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. 20 Yanvar 1990-cı ildə dinc insanlara Bakıda divan tutmuş Qarbaçyova Nobei sülh mükafatı verdilər. Buna görə ABŞ-ın ikili standartlar siyasətini tənqid etmişəm. “Xalq cəbhəsi” qəzetinə sonuncu müsahibəmdə ABŞ-ın Ukrayna siyasətini pisləmiş, mahiyyətini açmışdım. Masahibəmin həmin hissəsini təkrar təqdim edirəm. Demişdim ki, “Bu ölkə ilə dostluq edib ona güvənənlər mütləq peşman olacaqlar. Əminliklə deyirəm,bu gün Ukraynada ABŞ-a nifrət edənlərin sayı Rusiyaya nifrət edənlərin sayından az deyil. ABŞ Ukraynaya təzyiq edib onun nüvə silahını əlindən alan əsas ölkədir. Ona görə Ukraynaya kömək etmək bu ölkənin dövlət ləyaqəti məsələsidir,siyasi, mənəvi öhdəliyidir. Amma ölkədə siyasi mənəviyyat korlandığından respublikaçılar Prezidentə deyir ki, sən bizim təklifi qəbul etməsən Ukraynaya yardım ayırmayacağıq. Bu da Baydenə sərf edir. Ümid edir ki, bu yolla onları hörmətdən salıb seçkilərdə səslərini azalda bilər. Baydenin Konqresin razılığı olmadan belə, başqa yollarla Ukraynaya kömək etmək imkanı var, amma etmir. İstəyir ki, Ukraynada daha böyük faciələr yaşansın və bəzi vicdanlı amerikalılar Trampdan üz döndərsin.

Bilirsiniz, mənəviyyat korlananda zülm ərşə qalxır, qanunsuzluq, müharibələr başlayır, sosial ədalət itir. ABŞ-da bütün mənəvi dəyərlər, beynəlxalq öhdəliklər daxili mübarizədə qurban verilib. Hər şey ABŞ-ın ikili standartlar siyasətindən başladı. Bunu görən Elçibəy, deyirdi ki, bu ölkə dağılacaq. İndi ABŞ-ın özündə belə çoxları bunu deyir. Cəmiyyət parçalanıb, qara dərililərə və ispan dillilərə dözümsüzlük günbəgün artır, nifrət vətəndaş müharibəsinə yol açacaq qədərdi. Tərəflər öz “liderlərinin” ən alçaq hərəkətlərinə haqq qazandırmağa, onu müdafiə etməyə hazır görünür”.

Seçilən
27
6
publika.az

4Mənbələr