AZ

Moskva forpostunu cəzalandırmağa hazırlaşır

Lavrovun açıqlamaları prosesin buna doğru getdiyini deməyə əsas verir

Nardar BAYRAMLI

Ermənistan hakimiyyəti Qərbin diktəsi ilə Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir. Burada əsas amillərdən biri rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etməməsidir.  İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  qarşı münasibəti isə Moskva tərəfindən qəbulolunmaz hesab edilir. Çünki bu təşkilat məhz Rusiyanın himayəsi ilə yaradılıb. Xatırladaq ki, ötən ilin yayında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  baş katibinin müavini kvotasından da imtina edib. Rəsmi İrəvan ötən il  KTMT-nin ölkədə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri də təxirə saldı. Hansı ki,  Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin əvvəlində KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” sülhməramlı təlimlərinin Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Amma baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirdi ki, İrəvan respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Ardınca da əlavə etdi ki, tərəflər arasında anlaşılmazlıq yaranıb. N. Paşinyan hətta nümayişkəranə şəkildə ötən il  noyabrın 23-də Minsk şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  sammitinə də qatılmadı. Rəsmi İrəvanın iddiası ondan ibarətdir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatında rol oynamır. Ona görə də, təhlükəsizliklə bağlı yeni tərəfdaş axtarışındadırlar. Bir neçə ay öncə isə Paşinyan rəsmən Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bəyan edib.

İrəvan Moskvadan niyə “inciyib”?

Ermənistan-KTMT gərginliyi 2022-ci ilin sentyabr ayında Azərbaycanla şərti sərhəddə baş vermiş hərbi toqquşmadan sonra başlayıb. O zaman ordumuz erməni tərəfinin hərbi təxribatına layiqli cavab verərək geri oturtdu. Paşinyan hakimiyyəti hesab edirdi ki, şərti sərhəddə baş verənlərə KTMT müdaxilə etməli və Ermənistana dəstək verməliydi. Eyni zamanda, İrəvanın məntiqinə görə, təşkilat Azərbaycanı təcavüzdə ittiham etməli imiş.

Xatırladaq ki, ötən ilin dekabr ayında Nikol Paşinyan Ermənistanın “ictimai televiziya”sına müsahibəsində KTMT məsələsinə toxunaraq deyib: “Biz deyirik ki, KTMT-nin məsuliyyət zonasını düzəldin. Ermənistan KTMT-nin üzvüdür, həm də Ermənistan Respublikası KTMT-nin məsuliyyət zonasıdır, dəqiqləşdirin, o məsuliyyət zonası nədir? Çünki bizdə elə vəziyyət yaranıb ki, həmin məsuliyyət zonası pozulub, biz bu anlayışı irəli sürmüşük. Bizim müqavilələrimizin əsası ondan ibarət idi ki, Ermənistanın suveren ərazisi KTMT və Rusiya üçün “qırmızı xətdir”. “Qırmızı xətt” pozulub deyirik, deyirlər xeyr, pozulmayıb. Deyirik ki, yaxşı: bu kağız, bu da qələm, dediyiniz “qırmızı xətti” çəkin, göstərin haradan keçdiyini? Deyirlər ki, biz bunu çəkə bilmərik. Bu o deməkdir ki, Ermənistanda “qırmızı xəttiniz” yoxdur”.

KTMT bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə “İzvestiya” informasiya portalına müsahibəsində erməni tərəfinin bu iddialarına toxunub. Lavrov bildirib ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub. O xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib. Bundan sonra isə erməni tərəfi açıq şəkildə Qərb təsisatlara üz tutmağa başlayıb.

S.Lavrov müsahibəsində onu da deyib ki, Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan Ermənistan rəhbərliyinin mövqeyi ucbatından Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır: “Ermənistanda mən artıq mövcud vəziyyəti şərh etməli oldum, bu, təbii ki, nikbinlik yaratmır. Ermənistan rəhbərliyi, açıq desək, uydurma bəhanələrlə, son üç ilin, üç il yarımlıq tarixini təhrif edərək işi bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına, 102-ci hərbi bazada xidmət edən hərbçilərimizin, sərhədçilərimizin fəaliyyətinin gözdən salınmasına, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gözdən salınmasına aparır”. Rusiya XİN başçısı  açıq şəkildə Ermənistan baş naziri Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib. O deyib ki, müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışıb: “Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir”.

Diplomatik müharibə elan edildi?

Diqqət çəkən məqam ondan ibarətdir ki, rəsmi İrəvanın Rusiya əleyhinə addımları  Brüsseldə keçiriləcək Ermənistan-Aİ-ABŞ birgə konfransı ərəfəsində daha da artıb. Təsadüfi deyil ki, S.Lavrov sözügedən müsahibədə “Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilməkdədir. İndi üstəlik, Norveç, Kanada və ABŞ-dan olan hərbçilər oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir”deyib.

S.Lavrovun bu açıqlamaları faktiki olaraq Rusiyanın Ermənistana diplomatik müharibə elan etməsi kimi dəyərləndirilməlidir. Rusiya bu ölkədə mövqelərini qoruyub saxlamaq üçün digər vasitələrdən istifadə edə, hətta hücum planı həyata keçirə bilər. Çünki rəsmi Moskva siyasi kursunun ardıcıllığını qoruyub saxlamağa çalışır. Bu məqsədi üçün hətta Ukrayna ssenarisinin Ermənistanda təkrar olunması istisna deyil.  

Nəzərə alaq ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası mövcuddur. Gümrüdə yerləşən  Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir və 5 minə yaxın hərbçidən ibarətdir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, “C-300” zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarətdir. İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb. Eyni zamanda, Rusiyanın Ermənistana qarşı iqtisadi təsir imkanları kifayət qədər güclüdür. Beləliklə, Rusiyanın əleyhinə fəaliyyəti ilə rəsmi İrəvan necə deyərlər, “odla oynayır”. Bunun bədəli Ermənistan üçün çox ağır ola bilər.

Seçilən
241
41
yeniazerbaycan.com

10Mənbələr