İtaliyanın paytaxtı Romada Azərbaycanın Yeni Klinikasına HİMSS beynəlxalq akkreditasiya sertifikatı təqdim edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti (Healthcare İnformation and Management Systems Society – HİMSS) tərəfindən təşkil edilən Avropa Sağlamlıq Konfransı və Sərgisində iştirak etmək üçün İtaliyanın paytaxtı Roma şəhərində işgüzar səfərə gedib.
İştirakçılar Avropa Sağlamlıq Sərgisində tibbdə süni intellekt, geyilə bilən tibbi cihazlar, innovativ startaplarla tanış olublar.
Sonra qlobal sağlamlıq ekosistemini təmsil edən 70-dən çox ölkədən səhiyyə xidməti təmsilçiləri və mütəxəssislərini iştirakı ilə konfrans başlayıb. Builki tədbirdə Azərbaycan da təmsilçilik hüququ qazanıb.
Tədbir çərçivəsində HİMSS beynəlxalq akkreditasiya sertifikatı rəsmi olaraq təşkilatın məsul şəxsləri tərəfindən Azərbaycanın Yeni Klinikasına təqdim edilib.
Beynəlxalq sertifikatı qəbul edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində bu gün ölkədə bir çox genişmiqyaslı sosial layihələrin həyata keçirildiyini vurğulayıb: “Bu istiqamətdə ən uğurlu layihələrdən biri icbari tibbi sığortanın ölkə üzrə tətbiqidir. Aparılan islahatlar nəticəsində həm regionlarda, həm də Bakı şəhərində bu gün elə bir tibb müəssisəsi yoxdur ki, vətəndaşlarımız üçün tibbi xidmətləri əlçatan şəkildə təmin edə bilməsin. Ölkəmizdə tibb müəssisələri təmir olunur, yenidən qurulur, müasir avadanlıqlarla təmin edilir və kadr potensialı günü-gündən yüksəlir.
HİMSS sertifikatı Azərbaycan və tibb müəssisələrimiz üçün əhəmiyyətlidir. Bu sertifikatın əldə olunması tibb müəssisələrində səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə, pasiyent məlumatlarının konfidensiallığının etibarlı şəkildə qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına səbəb olacaq.
Hesab edirəm ki, sertifikat Azərbaycan səhiyyəsinin beynəlxalq müstəvidə tanınmasında rol oynayacaq. Bu, gələcəkdə bizə tibbi turizm sahəsini daha da inkişaf etdirməyə imkan yaradacaq. Həmçinin Yeni Klinika bu nüfuzlu sertifikatı əldə etmiş tibb müəssisəsi kimi beynəlxalq müstəvidə öz xidmətlərini digər ölkə vətəndaşlarına təqdim edə biləcək”.
Qeyd edək ki, Azərbaycanda və hətta regionda ilk dəfə olaraq tibb müəssisələri arasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika ABŞ-nin xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatı olan HİMSS-ə layiq görülüb. Sertifikat HİMSS-in önəmli qiymətləndirmə sistemi hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim edilib. Sözügedən modul stasionar xidmət göstərən səhiyyə müəssisələrində istifadə edilir. Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.
Rusiya və Şərqi Avropada HİMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur.