Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun "Ümumdünya ətraf mühit günü" kimi qeyd olunmasına qərar verilib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanııb.
Aztibb.az xəbər verir ki, dünya ölkələrində olduğu kimi Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif layihələr həyata keçirilir.