AZ

"Azərbaycan yaşıl gündəliyə doğru irəliləyir" - DEPUTATIN ŞƏRHİ

“Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və inkişaf etdirilən enerji siyasəti dünyanın enerji təhlükəsizliyinin mühüm tərkib hissəsinə çevrilib. Bununla da ölkəmiz xüsusən Avropanın enerji xəritəsini dəyişməyi bacarıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət “Cənub qaz dəhlizi” kimi nəhəng layihələrin reallığa çevrilməsi ölkəmizin enerji siyasətindəki gücünü göstərir. Bu gün ölkəmiz yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimindən yararlanaraq alternativ enerji mənbələrinə də üstünlük verir, genişmiqyaslı işlər həyata keçirir və bu istiqamətdə nəzərəçarpacaq dərəcədə müsbət dinamika müşahidə olunub. Bərpa olunan enerji mənbələrinin bir sıra üstünlükləri var. İlk növbədə, ekoloji cəhətdən təmizdir, ətraf mühiti çirkləndirmir və tükənən deyil. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin ölkəmizdə həyata keçirdiyi irihəcmli investisiya layihələrinə toxunub və əlavə edib ki, Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışında Prezident İlham Əliyevin iştirakı onun bu sahənin inkişafına dəstəyinin göstəricisidir: "BƏƏ-nin ən böyük enerji şirkətinin ölkəmizə marağı, iri layihələrə maliyyə yatırması ölkəmizdə bərqərar olan siyasi sabitlik və yaradılmış əlverişli investisiya mühiti ilə bağlıdır. Bu stansiya ölkəmizdə təbii qaza olan daxili tələbatı azaldacaq. Nəticədə Azərbaycanın qaz ixracı artacaq, maliyyə imkanlarımız yüksələcək. Bir sözlə, Qaradağ Günəş Elektrik Stansiyasını əhəmiyyəti çox böyükdür.

Qeyd edək ki, stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Bu gün böyük investisiyalar məkanına çevrilən Azərbaycan iştirakçısı olduğu bu kimi layihələrlə mövqeyini daha da möhkəmləndirir. Adıçəkilən müəssisənin açılış mərasimi çərçivəsində üç investisiya sazişinin imzalanması da layihələrin davamlılığından xəbər verir. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihələri, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi imzalandı. Azərbaycan Prezidenti İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı dediyi kimi: “İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
416
40
sia.az

10Mənbələr