AZ

Qanunsuz mərc oyunlarının reklamı və təbliğatı davam etdirilir...

Son zamanlar sosial şəbəkələrdə qanunsuz mərc oyunlarının reklamları genişlənib. Bura insanları bonus vədləri ilə cəlb edirlər. Məlumat üçün bildirək ki, ölkədə mərc oyunılarının fəaliyyəti qadağan olunub. Buna baxmayaraq, internet portallarında qanunsuz idman mərc oyunları reklam edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Monitorinq zamanı  bir sıra internet portallarında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qanunsuz idman mərc oyunlarının reklam edildiyi müəyyən olunub və bununla bağlı lazımi işlər görülür.

Qeyd edək ki, bir neçə gün öncə qeyri-qanuni mərc oyunu təşkil edən “Mostbet” şirkəti vətəndaşın külli miqdarda uduşunu ödəməkdən boyun qaçırıb. Bununla bağlı Ayaz İkramoğlu adlı şəxs sosial şəbəkədə paylaşım edib.

A.İkramoğlu bildirib ki, adıçəkilən şirkət onun 156 461 manatlıq uduşunu ödəmir, üstəlik hesabı bloklanıb. Azərbaycanda fəaliyyəti qadağan olunan mərc şirkətləri ilə bağlı sosial şəbəkələrdə tez-tez bu tip paylaşımlara rast gəlinir.

Onu da bildirək ki, zərərçənlər arasında məşhur simalar da var. Eyni şikayətlə çıxış edən Pərvin Abiyeva da “Mostbet”dən qazandığı 5 000 manatın ödənilmədiyini bildirir.

İnternet üzərindən təqdim edilən qanunsuz oyunların reklamı və keçirilməsinin qarşısını almaq mümkündürmü?

  • Osman Gündüz: “Texnoloji və texniki baxımdan bu tip reklamların və oyunların qarşısını almaq mümkündür”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, texnoloji və texniki baxımdan bu tip reklamların və oyunların qarşısını almaq mümkündür: “Azərbaycan qanunvericiliyinə əsasən, real dünyada olduğu kimi, virtual dünyada da qeyri-qanuni mərc oyunları qadağandır. Ona görə də aidiyyəti qurumlar bunu monitorinq etməli və problemi həll etməlidir. Azərbaycanda internet resurslarının bloklanması və ölkə ərazisində qadağan edilməsinə imkan verən hüquqi prosedur mövcuddur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanun”a əsasən icazə verilməyən fəaliyyətlər, həmin fəliyyətlərin necə qadağan edilməsi forması göstərilib. Aidiyyəti qurumlar monitorinq etməlidir və qanunvericiliyə uyğun olmayan bu cür resursların Azərbaycan ərazisində bloklanmasını həyata keçirməlidir. Bu fəaliyyət gizli deyil, aşkar formada aparılır. Hesab edirəm ki, aidiyyəti orqanlar bu cür onlayn oyunların, eləcə də reklamların olduğunun fərqindədir”.

  • Kamran Məmmədli: “Qanunsuz şans oyunlarının qadağan edilməsinə baxmayaraq, belə oyunların təşkil edilməsi, keçirilməsi və reklamı davam etməkdədir”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “ Qumar nədir? Pul qoyursan, uda da bilərsən, uduza da. Uduzanlarsa udanlardan həmişə qat-qat çox olur. Qanunsuz şans oyunlarının qadağan edilməsinə baxmayaraq, belə oyunların təşkil edilməsi, keçirilməsi və reklamı davam etməkdədir. Nəticədə qeyri-qanuni lotereya və idman mərc oyunları platformalarına edilən ödənişlər vergidən yayınır. Bununla da dövlətimiz ciddi maliyyə itkiləri ilə üzləşə bilər. Lakin qanuni şans oyunlarını təşkil edən şirkətlər qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilməyi hədəfləyir”.

Günel CƏLİLOVA

Seçilən
608
50
baki-xeber.com

10Mənbələr