Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Macarıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, milli komandamız bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda doğma meydanda Macarıstan yığması ilə qarşılaşıb.
Oyun komandamız üçün uğursuz alınıb. Belə ki, futbolçularımız darmadağına üzülüblər – 0:5.
Matçdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında futbolçularının çıxışına belə şərh verib:
“Təəssüf ki, nəticə belə oldu. Gözləmədiyimiz bir nəticədir. Rəqib çox keyfiyyətli komanda idi. Düzdür, onlardan səfərdə 1 xal ala bilmişdik. Düşünürəm ki, evdə böyük hesabla məğlub olmağımızın əsas səbəblərdən biri əksər futbolçularımızın Türkiyə çempionatında çıxış etməsidir. Orada mövsüm mayın 5-də başa çatıb. Türkiyədə çıxış edən futbolçularımızın fiziki durumu ilə bağlı problem yaşadıq. Eyni zamanda, oyun praktikasından əziyyət çəkirdilər. Bunu oyun zamanı da hiss etdik. Üstəlik, Manə Mollayeva və Peritan Bozdağ cəzalı olduqları üçün bizə kömək edə bilmirdilər. Esra Manya da son məşqdə zədələndiyi üçün riskə getmədik. Bu futbolçuların boşluğunu doldura bilmədik”.
Əsgərov son tur öncəsi millinin pley-off mərhələsinə vəsiqə şansını qoruduğunu sözlərinə əlavə edib:
“Bu gün xal və ya xallar qazana bilsəydik, qrupu ikinci pillədə də tamamlaya bilərdik. Ancaq qarşıda hələ bir oyun var. İsveçrə ilə səfər matçında heç-heçə pley-offa vəsiqə şansımızı artıra bilər. Hətta 4 xalla belə, bunu reallaşdırmaq şansımız var. Təbii ki, bu, digər qruplardakı nəticələrdən də asılı olacaq. Pley-offa vəsiqə qazanmaq şansını itirməmişik”.
“Gələcək illərdə onu tez-tez milli komandada görə biləcəyik”
Baş məşqçi əsas milli komandada debüt edən gənc futbolçu Xanım Əsədovanın çıxışından razı qalıb:
“Xanım Əsədova azsaylı istedadlardan biridir. O, çoxdan nəzərimizdə idi. İki futbolçumuz cəzalı olduğundan, Xanımı görüşün iştirak ərizəsinə daxil etmək qərarına gəldik. Düşündük ki, bu, Xanım üçün stimul olar. Onun gələcəyi naminə bu addımı atdıq. Matçın gedişində də şans vermək qərarına gəldik. Xanım Əsədovanı gələcək illərdə tez-tez milli komandada görə biləcəyik”.
Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.