Oksford Universitetinin azərbaycanlı tələbəsi Nuranə Məmmədova Chegg.org və Varkey Fondu tərəfindən təşkil edilən Qlobal Tələbə Mükafatının Top 50-lik siyahısına daxil edilib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, finalçılar dünya üzrə 11 mindən çox nominasiya və ərizə arasından seçiliblər. Namizədlər 176 ölkədən olub və yekun siyahıya cəmi 30 ölkə çıxıb. Azərbaycan Nuranə Məmmədovanın təmsilçiliyi ilə bu siyahıda yer alıb.
Finalçılar akademik nailiyyətləri, həmyaşıdlarına təsirləri, icmalarında və onun hüdudlarından kənarda yaratdıqları təsir və seçilmək meyarlarına, o cümlədən yaradıcı və innovativ yanaşmaları və qlobal vətəndaş kimi necə fəaliyyət göstərmələrinə görə qiymətləndiriliblər.
Qlobal Tələbə Mükafatının əvvəlki qaliblərinin mükafatlarını ABŞ-ın sabiq Prezidenti Bill Klinton, Papa Fransisk və digər nüfuzlu şəxslər təqdim ediblər.
Qeyd edək ki, Nuranə Məmmədova Şəmkir şəhər orta məktəbini fərqlənmə ilə bitirdikdən sonra bakalavriat səviyyəsi üzrə təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində alıb. Hər iki təhsilini fərqlənmə diplomu ilə bitirib. Nuranə Məmmədova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısıdır. Magistratura təhsilini Fransa, Almaniya və Türkiyədə fərqlənmə ilə bitirib. Hazırda Oksford Universitetində diplomatiya üzrə magistr təhsilini yekunlaşdırmaq üzrədir və həmin universitetində doktorant kimi akademik təhsilini davam etdirməyə dəvət alıb. Qlobal uğurlarından biri də 2019-cu ildə ABŞ-ın Denver Universitetinin versiyasına görə dünyanın 13 qadın liderlərinin siyahısında yer almasıdır.
Nuranə Məmmədova gənclər siyasəti və gənclərlə iş sahəsindəki fəaliyyətləri ilə bütün dünyada minlərlə gəncə təsir göstərməkdədir.
Mənbə: AZƏRTAC