AZ

Paytaxtda Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub

Bakı, 4 noyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Zəfərimizin üçüncü ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiyada icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrin işçiləri və İctimai Birliyin könüllüləri iştirak ediblər.

Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacı əkilib. Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Qeyd edək ki, Zəfər Günü münasibətilə keçirilən iməcilik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

 

 

Seçilən
738
19
azertag.az

10Mənbələr