AZ

Prezident: Lüğətimdə İsraillə normallaşma yoxdur

Tunis prezidenti Kays Səid İsraillə normallaşmanın əleyhinə olduğunu və ölkəsinin bu məsələdə mövqeyinin sabit olaraq qaldığını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə Tunisin rəsmi televiziya kanalında ictimaiyyətə müraciət edərkən deyib. Dünən Tunis Xalq Məclisində müzakirə edilən İsraillə normallaşmanı cinayət hesab edən qanuna münasibət bildirən Səid, "Mənim lüğətimdə normallaşma (İsrail ilə) yoxdur. Tunisin normallaşmaya münasibəti sabitdir. Normallaşmanı cinayət hesab edən qanun layihəsi ilə bağlı mövqeyimiz müzakirə edildi. Parlamentdə müzakirə edilən normallaşmanın cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə münasibətimiz dəyişməyib. Əgər dəyişsə, bu, Fələstin xalqına qarşı xəyanət olardı" ifadələrini işlədib.

Tunisin bütün gücü ilə Fələstinin yanında olmağa davam edəcəyini vurğulayan prezident, "İşğal bitənə qədər Tunis Fələstinə hər cür dəstəyi verəcək. Fələstinlilərin işğala qarşı mübarizəsi məzlumların hüquqları uğrunda mübarizəsidir. İşğalçı dövlətlə hər cür münasibət qurmaq Fələstin xalqına xəyanətdir. Bu cinayəti törədənlərə qarşı Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq olunmalıdır", - deyə qeyd edib.

Qeyd edək ki, Tunis Cinayət Məcəlləsinin 60-cı maddəsi işğalçı dövlətlə hər hansı əməkdaşlığı vətənə xəyanət hesab edir və bu cinayətin cəzasının ölüm olduğunu qeyd edir. Bu maddə Tunisin işğalçı dövlətə qarşı mübarizəsində mühüm hüquqi baza kimi qiymətləndirilir.

Noyabrın 2-də Tunis parlamentində normallaşmanı kriminallaşdıran qanun layihəsinin müzakirə edildiyi iclas gec saatlara qədər davam etmişdi.

Seçilən
446
4
publika.az

5Mənbələr