
Bakı, 29 iyul, AZƏRTAC
Ruslan Lunyovun ilk mübarizəsində 24-cü olması həyəcanla bağlıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparan atıcı Ruslan Lunyovun çıxışı barədə danışarkən deyib.
Olimpiya çempionu təmsilçimizə inandığını bildirib: “Pnevmatik tapança ilə 10 metrdə uğurlu olmasa da, onun 25 metr məsafədən atəşaçmada daha bir şansı var. O, yarışa çox yaxşı hazırlaşmışdı. Ümid edirəm ki, Ruslan bizi sevindirə biləcək”.
1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış etmiş veteran Z. Meftahətdinova Azərbaycanı nüfuzlu yarışda təmsil edən idmançılardan uğurlu nailiyyətlər gözlədiyini söyləyib: “Bizim çox güclü və perspektivli idmançılarımız Parisdə mübarizə aparırlar. Ötən gün və bu gün qələbələrə sevindik. Əvvəlcədən proqnoz verməyi sevmirəm, lakin onların Vətənə medallarla qayıdacağına inanıram”.
Qeyd edək ki, Ruslan Lunyov pnevmatik tapança ilə 10 metr məsafəyə atəş açıb. 571 xal toplayan idmançı 33 iştirakçı arasında 24-cü yeri tutub. O, bu nəticə ilə final mərhələsinə vəsiqə qazana bilməyib. İdmançı 25 metr məsafədən atəşaçmada da qüvvəsini sınayacaq.