“Fluminense”nin braziliyalı müdafiəçisi Marselo komandasının Libertadores Kubokunu qazanmasından doğan duyğularını ifadə edib.
Arena.az COPE dərgisinə istinadən Marselonun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Real” məni başa düşəcək. Libertadores Kuboku klub səviyyəsində mənim ən vacib qənimətimdir. Bu, mənim böyüdüyüm komandadır. “Real” mənim ürəyimdədir, amma “Fluminense”nin mənim üçün əhəmiyyətindən danışmağa söz yoxdur”.
Xatırladaq ki, noyabrın 4-də Libertadores kubokunun finalı çərçivəsində məşhur “Marakana”da “Fluminense” Argentina nəhəngi “Boka Xuniors” üzərində əlavə vaxtda 2:1 hesablı qələbə qazanaraq, tarixində ilk dəfə mötəbər turnirin qalibi olub.
Marselo “Fluminense”yə cari ilin fevralında Pirey “Olimpiakos”undan azad agent qismində keçib. Marselonun “Fluzao” ilə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Marselo “Flu”nun heyətində 26 oyuna 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Marselonun “Fluminense”nin heyətində ümumi statistikası isə belədir: 58 oyun, 6 qol, 1 məhsuldar ötürmə.
Braziliyalı müdafiəçi məhz “Fluminense”dən 2007-ci ilin yanvarında 6,50 milyon avro müqabilində “Real”a keçərək, 2022-ci ilin sentyabrına qədər “Kral klubu”nda çıxış edib. Marselo məşhur braziliyalı sol cinah müdafiəçisi Roberto Karlosun xələfi kimi həm “Real”da və həm də Braziliya millisində yüksək səviyyəli sabit oyunu ilə fərqlənib.
“Mars” “Real”la 6 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Marselo 2006-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 58 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib. “Mars” “selesao” ilə 2013 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 35 yaşlı Marselonu 1,80 milyon avro məbləğində qiymətləndirir.