AZ

Çin Xalq Azadlıq Ordusunun yaradılmasından 97-ci il ötür (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 97-ci ildönümü qeyd olunub.

Hafta.az-ın yazdığına görə, əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Çinin ölkəmizdəki səfirliyinin hərbi attaşesi, polkovnik Vanq Lei Çin ordusunun yaranmasından və onun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən söz açıb.

Cənab Vanq Lei deyib ki, belə tədbirlər Çinlə Azərbaycan arasında qarşılıqlı dostluq və təcrübə mübadiləsi üçün yaxşı fürsətdir. Müasir dövrdə bütün ölkələr bir-birindən asılı və bir-biri ilə sıx bağlıdır.

“Bu mürəkkəb vəziyyətlə qarşılaşdıqda Çin Xalq Respublikasının sədri Si Cinpin ordunun döyüş qabiliyyətini artırmaq üçün müasir texnikanın tətbiqinin zəruriliyini qeyd edib” deyən polkovnik bildirib ki, Çin Azadlıq Ordusu milli mövcudluq, müstəqillik, xalqların azadlığı, regional sabitlik və dünyada sülhün bərqərar olması üçün qəhrəmancasına mübarizə apararaq milli suverenliyin mühafizəsi, təhlükəsizliyin təminatı və dünyada sabitliyin qorunmasında mühüm rol oynayıb.

“Çin xalqı daima sülhsevərliyi ilə tanınıb. Çin dövləti dinc inkişaf yoluna sadiqdir və həmişə aktiv müdafiəyə əsaslanan milli müdafiə siyasəti yürüdüb. Çin Silahlı Qüvvələri öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, dünyada sülhün möhkəmlənməsi üçün əməli tədbirlər görür”, - polkovnik Vanq Lei deyib.

Hərbi attaşe deyib ki, 97 il Çin ordusu ölkənin rifahı, təhlükəsizliyi və suverenliyi üçün ciddi dəstək göstərib. “Çin daim aktiv müdafiə siyasətini tətbiq edir. Bəşəriyyətin rifahına çalışır və ortaq gələcək qurur. Çin Xalq Azadlıq Ordusu daimi inam və qətiyyətə malikdir", - deyə o, əlavə edib.

Azərbaycanla Çin arasında dostluq münasibətlərinin qədim tarixə malik olduğunu qeyd edən Vanq Lei bildirib ki, 2 min il əvvəl başlayan bu münasibətlər tarixi İpək Yoluna əsaslanır. O, Azərbaycanla Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının xüsusi rolunu diqqətə çatdırıb.

Diplomat bildirib ki, Çin və Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq xalqlarımıza fayda verəcək: "Ölkələrimiz arasında beynəlxalq və regional əməkdaşlıq daha da inkişaf edir. Biz əminik ki, cənab sədr Si Cinpin və prezident İlham Əliyevin güclü rəhbərlikləri altında iki ölkə Silahlı Qüvvələrinin birgə səyləri ilə hər iki tərəf dialoq, strateji məsləhətləşmələr və praktik əməkdaşlıqda daha səmərəli nəticələr əldə edəcək. Çin və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq və əməkdaşlığı daha da dərinləşdirmək hər iki dövlətin maraqlarına tam uyğundur və şübhəsiz ki, xalqlarımıza fayda verəcək", - deyə hərbi attaşe vurğulayıb.

Gəlin bir az da Çin Xalq Azadlıq Ordusu haqda məlumatlara nəzər salaq:

Çin Ordusu 1 avqust 1927-ci ildə general Cu Qe-nin başçılığı altında kommunistlər Nançanda Homindana üsyan qaldırdı. Bu tarix çinlilər tərəfindən milli-azadlıq ordusunun yaranması kimi qəbul edilir.

1949-cu ildə Çin Xalq Respublikası elan edildikdən sonra silahlı qüvvələr rəsmən Xalq Azadlıq Ordusu adlanmağa başladı. Bu ordu hərbçi sayına görə dünyanın ən böyük ordusudur.

Kişilər üçün hərbi xidmətə çağırış 18 yaş müəyyən edilib. Hərbi xidmət müddəti 2 ildir. Amma vətəndaşlar Könüllülər Qanuna əsasən 49 yaşa qədər xidmət edə bilər. 50 yaşa qədər olan kişilər ehtiyat qüvvə hesab olunur. Müharibə dövründə 350 milyon insan silahlanmağa qadirdir. Orduya çağırışçı ehtiyatlarının həddən artıq çox olması, çağırışçıları seçim əsnasında aparılmasına imkan verilir, bu da hərbi rəhbərliyə ən yaxşılarını yəni, daha yüksək keyfiyyətlərə malik olanlarla müqavilə bağlamağa şərait yaradır. Xidməti müqavilə, 3 ildən 30 ilə kimi bağlana bilər. Hərbi xidmət müddəti, 18–35 yaş arası müəyyən edilib. Əsgərliyə çağırılmayanlar ordunun ehtiyat qüvvəsi hesab olunur və xalq milis ordusunda qeydiyyata alınır, hansı ki, onların ümumi sayı 36,5 milyon nəfərdir. Onlar Xalq Azadlıq Ordusunun tərkibində təşkil olunmuş, partizan hərəkatının döyüşə hazır ehtiyat qüvvəsi hesab edilir.

Hazırda Çin ordusunun sayı təxminən 2,3 milyon nəfərdir. Çin Xalq Azadlıq Ordusunda hərbçilərin sayının yaxın 2–3 il ərzində 700 min nəfər azaldılması düşünülür. Şəxsi heyətin sayının azaldılması, ordunun daha müasir və çevik inkişafı üçün aparılan islahat çərçivəsində həyata keçiriləcək. Çin eyni zamanda Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin sayını artırmağa hazırlaşır. Bəzi məlumatlara görə bu qoşun növlərinə ali təhsilli şəxsləri cəlb edəcəklər.

Ekspertlər bildirir ki, 2002-ci ildən bəri Çin öz texnologiyalarını sürətlə inkşaf etdirməkdədir, hətta bəzi göstəricilərinə görə Rusiyanı qabaqlayır. Çinin hərbi büdcəsi son 20 il ərzində ardıcıl olaraq hər il artıb və nəticədə hazırda bu ölkə müdafiə büdcəsinin həcminə görə dünyada ABŞ-dən sonra 2-ci yerə çıxıb.

Rəsmi Pekin hamını əmin edir ki, qlobal hərbi liderliyə can atmır və hərbi büdcənin artırılması Xalq Azadlıq Ordusunun qarşısında dayanan cari məsələləri həll etmək istəyilə bağlıdır. Çinin hərbi sənayesi, hərbi təyyarədaşıyan gəmi, stels texnologiyalı gözəgörünməz hərbi təyyarələrin, kosmosdakı peykləri vura bilən raketlərin istehsalı kimi istiqamətləri əhatə edir.

Seçilən
53
5
hafta.az

6Mənbələr