İsrailin xarici işlər naziri Eli Koen BMT-nin baş katibi Antonio Quterreşin Qəzza zolağının “uşaq qəbiristanlığına” çevrilməsi ilə bağlı sözlərini pisləyib.
Cavabında o, Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülən israilliləri xatırladıb və Qəzzada problemin İsrailin hərbi əməliyyatında deyil, HƏMAS-da olduğuna diqqət çəkib. “Ayıb olsun, Antonio Quterreş! Doqquz aylıq körpə də daxil olmaqla 30-dan çox azyaşlı, həmçinin valideynləri soyuqqanlılıqla öldürülən körpələr və uşaqlar Qəzza zolağında öz iradələrinə zidd olaraq saxlanılır. Qəzza zolağındakı problem HƏMAS-dır, İsrailin bu terror təşkilatını məhv etmək hərəkətləri deyil”.
Editor.az xəbər verir ki, bu sözləri nazir X sosial şəbəkəsində yazıb. Bundan bir gün əvvəl, noyabrın 6-da
Yaxın Şərqlə bağlı mətbuat konfransı zamanı Antonio Quterreş Qəzza zolağında növbəti dəfə atəşkəsə çağırıb. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əməliyyatı nəticəsində “mülki əhali, xəstəxanalar, qaçqın düşərgələri, məscidlər, kilsələr və BMT obyektləri zərər görüb” və “Qəzza uşaq qəbiristanlığına çevrilib”. Quterreş həmçinin HƏMAS-ı mülki əhalidən canlı qalxan kimi istifadə etməkdə və İsrailə raket atmaqda qınayıb.
//Samir Qurbanov, Editor.az