AZ

Davit Volkov Premyer Liqamızda mütləq rekorda imza atdı

Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk turu “Zirə”nin gürcüstanlı legioneri Davit Volkov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk het-triki elə 1-ci turda qeydə alınıb.

Bu, 1-ci turun “Zirə” – “Səbail” oyununda (4:1) gerçəkləşib. Volkov birinci hissədə üç qol vurub.

Gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. O, ən çox het-trik edən legioner adına yiyələnib.

“Zirə”də ikinci dəfə belə uğura imza atan Volkov “Sabah”ın heyətində də bir het-trik müəllifi olub. Üç het-trikə imza atan ilk legioner kimi tarixə düşən gürcüstanlı hərəyə iki dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.

Xatırladaq ki, bu yay “Sabah”la yollarını ayıran Gürcüstan milli komandasının hücumçusu Davit Volkov yenidən “Zirə”yə qayıdıb. O, köhnə-yeni klubu ilə 2 illik müqavilə imzalatıb.

“Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da bu komandanın şərəfini qoruyub.

Volkov 2022-ci ilin iyul ayından “Sabah”da forma geyinirdi. O, paytaxt təmsilçisində 71 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Gürcü oyunçu daha öncə Azərbaycanda “Zirə” (68 oyun, 22 qol, 11 məhsuldar ötürmə) ilə yanaşı, “Qəbələ”də (34 oyun, 10 qol, 1 məhsuldar ötürmə) də forma geyinib. O, ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da oynayıb.

Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında 5 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb.

Seçilən
70
12
arena.az

10Mənbələr